İQTİSADİYYAT
® “Azercell” IV Buktreyler Festivalının əsas tərəfdaşıdır
Kitabı tanıdın, kitabla tanının!
Ölkəmizdə hər zaman innovativ ideyalara, bir çox layihələrə dəstək verən şirkət kimi tanınan “Azercell” IV Buktreyler Festivalının əsas tərəfdaşıdır. Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, eləcə də mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və sair) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Yaşından asılı olmayaraq hər bir kəs sevdiyi Azərbaycan müəllifinin əsərinə buktreyler çəkib, onu festivalın rəsmi internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə yarışmada iştirak edə bilər. Festivalın təşkilati dəstəkçiləri Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasıdır.
Bu ilki IV Buktreyler Festivalı iştirakçılar üçün bir yenilik təqdim edir. Belə ki, layihənin əsas tərəfdaşı olan ölkənin lider operatoru “Azercell” şirkəti “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə 1000 AZN pul mükafatı ayırıb. Hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkib, bu nominasiya üzrə festivala müraciət etməklə 1000 AZN məbləğində mükafat qazanmaq şansını əldə edə bilər. Bir iştirakçı tərəfindən təqdim olunan buktreylerin sayına məhdudiyyət qoyulmur.
İştirak şərtləri və tələbləri haqda məlumatı www.booktrailer.az rəsmi internet səhifəsindən və ya https://www.facebook.com/BooktrailerFest/ “Facebook” səhifəsindən əldə etmək olar. Həmçinin yaranmış bütün suallarla bağlı [email protected] ünvanına müraciət etmək mümkündür.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən 1-ci yerin qalibi 1000 AZN, 2-ci yerin 2 qalibi 800 AZN, 3-cü yerin 3 qalibi 500 AZN dəyərində mükafat qazanacaq. Mobil telefonla buktreyler çəkmiş qalibi isə “Azercell” şirkəti tərəfindən “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə 1000 AZN pul mükafatı gözləyir. Buktreylerlərin son qəbul tarixi aprelin 1-dir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspress” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə “Qızıl Sertifikatı”na layiq görülən yeganə şirkətdir.