İQTİSADİYYAT
® “Azercell” “TIBO-2019” beynəlxalq sərgi-forumunda
“Azercell” Azərbaycan nümayəndə heyətinin tərkibində Belarusun paytaxtı Minskdə keçirilən 26-cı Telekommunikasiya, Rabitə, Təhlükəsizlik və İnformasiya Texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq “TIBO-2019” sərgi-forumuna qatılıb. Ölkəmizin dövlət qurumları və özəl şirkətlərinin 15-dək təmsilçisinin daxil olduğu nümayəndə heyətinə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəhbərlik edib.
16 ölkədən 100 şirkətin nümayəndəsinin qatıldığı forum MDB və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur. “Azercell” nümayəndələrinin də iştirak etdiyi bu sərgi texniki və biznes imkanlarını genişləndirmək üçün yeni əməkdaşlıqlar qurmaq, ən son texnoloji trendlərin müasir cəmiyyət həyatına sirayət edilməsi mövzusunda maraqlı təcrübələrdən bəhrələnmək baxımından böyük əhəmiyyət kəsb edir.
“TIBO-2019” sərgi-forumunda ölkəmiz Milli Pavilyonla təmsil olunur. Pavilyonda ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir. Vurğulamaq istərdik ki, ölkəmizin təmsil olunduğu pavilyon “Ən yaxşı stend” kimi təltif edilib.
Rəqəmsal aləmin yeniliklərini abunəçilər üçün əlçatan etməyi hədəfləyən “Azercell” beynəlxalq təcrübələrdən bəhrələnərək bu istiqamətdə fəaliyyətini daha da təkmilləşdirəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri, qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99,1 faizini (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.