İDMAN
® “Bakcell” eşitmə qüsurlu əlillər arasında futzal turnirinə dəstək verib
Bakı, 23 may, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti AFFA-nın və Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri”nə dəstək göstərib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 2018-ci il mayın 18-22-də Bakıda keçirilən “Yaz turniri”ndə eşitmə qüsurlu əlillərdən ibarət “Bakı”, “Azəri”, “Zirvə”, “Şimşək” və “Ümid” komandaları iştirak edib.
Turnirdə birinci yeri “Azəri” komandası, sonrakı yerləri müvafiq olaraq “Şimşək” və “Zirvə” kollektivləri tutub. “Azəri”nin üzvü Tural Muxtarov ən yaxşı oyunçu, “Zirvə”dən Şövkət Əskərov ən yaxşı qapıçı adına layiq görülüb. Rəqib komandalara 22 qol vuran Ülvi Fərəcli (“Şimşək” komandasının üzvü) turnirin ən məhsuldar oyunçusu olub.
“Bakcell” şirkəti 2007-ci ildən başlayaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif turnirlərinə dəstək göstərir.
Özünün genişmiqyaslı “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə “Bakcell” Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirir.