ELM VƏ TƏHSİL
® “Dərs evi” gənc müəllimlər üçün ödənişsiz onlayn yay düşərgəsi təşkil edib VİDEO
“Dərs evi” gənc müəllimlər üçün ödənişsiz onlayn yay düşərgəsi təşkil edib. “Gələcəyin müəllimi” adlı düşərgədə peşəkar müəllim kimi fəaliyyət göstərmək istəyən iştirakçılara həm canlı, həm də onlayn dərslərin keyfiyyətli aparılması üçün təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, pedaqoji sahədə təhsil alan 4-cü kurs tələbələri və 30 yaşa qədər məzunların iştirak etdiyi onlayn düşərgədə dərslərin effektiv aparılması, ABŞ və İsrail tədris metodikası üzrə master-klaslar təşkil olunub.
Bundan əlavə, gənc müəllimlərə real sinif ilə dərs apararaq nəzəri bilikləri təcrübədən keçirmək imkanı da verilib. Onlar şagirdlərlə ünsiyyət quraraq sual-cavab ediblər. Həmçinin gənc müəllimlər simulyasiya zamanı real sinifdə yarana biləcək problemləri də həll etməyə çalışıbılar. Layihənin sonunda isə bu dərslər “Dərs evi”nin peşəkar müəllimləri tərəfindən qiymətləndirilib. Gələcəyin müəllimləri hər biri ayrılıqda peşəkarların tövsiyələrini dinləyiblər.
Nənəxanım Mədətova 29 yaş – təlim iştirakçısı: Təlim zamanı universitetdə dinlədiyimiz mühazirələrə aydınlıq gətirildi, məlumatlar bizə daha aydın və sadə formada təqdim edildi. Sonda peşəkarlar tərəfindən verilən rəylərə görə ayrıca təşəkkür edirəm. Universitetdə açıq dərslər zamanı biz bu cür obyektiv qiymətləndirilmirdik.
Ayşən Fərzəliyeva 25 yaş - təlim iştirakçısı: Təlim çox maraqlı keçdi. Düşərgədə dərsin təşkili üçün lazımi veb-alətlər, motivasiya, şagirdlərin psixoloji vəziyyətlərinin nəzərə alınması, interaktiv təlimin təşkili və onlayn dərslər barədə çox yeniliklər öyrəndim. Bir daha təşəkkür edirəm.
Aytac Rəcəbli 21 yaş - təlim iştirakçısı: Düşərgə zamanı universitet illərində yaranan bütün suallarıma cavab ala bildim. İnkişaf etdirməli olduğum tərəflərim barədə də tövsiyələr aldım. Hər şey super idi. “Dərs evi”ndəki auranı çox bəyəndim və bu kollektivə qatılmaq istərdim.
Şəms Əlizadə 29 yaş - təlim iştirakçısı: Düşərgə çox faydalı idi. İlk növbədə, şagirdlərlə iş zamanı yarana biləcək fors-major vəziyyətlərdə nə etməli olduğumuzu öyrəndik. Həmçinin şagirdlərə informasiyanı demotivasiya etmədən düzgün çatdırmağın yollarını da öyrəndik.”
Türkan Zeynalova 23 yaş - təlim iştirakçısı: Səmimi deyirəm ki, bu düşərgə müəllimlik sənətinə sevgimi artırdı. Baxışım dəyişdi. Bu peşənin bu qədər sevgi ilə icra edildiyini düşünmürdüm.
“Gələcəyin müəllimi” düşərgəsinin iştirakçılarına layihənin sonunda sertifikatlar təqdim edilib. Göstərilən böyük marağı nəzərə alaraq “Dərs evi”ndə bu cür vacib və faydalı layihələrin davamlı təşkili nəzərdə tutulur.