İDMAN


® “FIFA-2020” I Liqasının başa çatmasına bir tur qalmış çempion müəyyənləşib

Bakı, 11 sentyabr, AZƏRTAC

Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, İdman TV-nin, Azərbaycan Kiber İdman Federasiyasının, “Gaming League Azerbaijan”ın (GLA) və “Topaz”ın birgə təşkilatçılığı ilə keçirilən “FIFA-2020” I Liqasının çempionu müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “FIFA-2020” I Liqasının 37-ci turunda lider “Quba” və ondan cəmi 2 xal geri qalan “Naxçıvan” üz-üzə gəliblər. Bu görüşdə hər iki komandaya qələbə lazım olduğundan oyunun gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilirdi.

Qələbəyə köklənən Rüfət Niftəliyev (“Quba”) Cavid Qurbanovun (“Naxçıvan”) komandasını 3:1 hesabı ilə məğlub edərək, sona bir tur qalmış çempionluğu rəsmiləşdirib. Beləliklə, həm ilk sıranın, həm də ikinci sıranın sahibi bəlli olub.

Üçüncü yer uğrunda gərgin mübarizə hələ davam edir. “Qarabağ” bu turda çətinliklə də olsa, qələbə qazana bilib. Tural Həsənovun komandası Bakı təmsilçisi “Old City White Pants”i 4:3 hesabı ilə məğlub edib.

“Şəki” də çətin və vacib qələbə qazanıb. Beləliklə, 2:1 hesabı ilə “Siyəzən”i məğlub edən Ayxan Əliyev üçüncülük şansını qoruyur. Ancaq üçüncü yeri qazanmaq üçün sonuncu turda “Şəki” qalib gəlməli, “Qarabağ” isə xal itirməlidir.

Onu da bildirək ki, 38-ci turda “Qarabağ”ı vitse-çempion “Naxçıvan” ilə çətin oyun gözləyir. “Şəki” isə “Tovuz”u sınağa çəkəcək.

Turun digər oyunlarında “Tovuz” komandası “Lənkəran”dan (4:1), “Neftçala” “Şamaxı”dan (3:0), “Qax” “Mingəçevir”dən (2:1), “Xızı” “Beyləqan”dan (3:0), “Gəncə” “Bərdə”dən (4:1), “Zaqatala” “Qobustan”dan (1:0), “Balaxanı” isə “Qazax”dan (4:3) üstün olub.

Sonuncu turun nəticələrindən asılı olmayaraq, liqanı tərk edəcək komandaların adları məlumdur. Ən zəif göstəricilərə malik olan “Qax”, “Zaqatala” və “Bərdə” liqa ilə vidalaşacaqlar.

Beləliklə, 38 turdan ibarət uzun marafonun bitməsinə cəmi bir tur qalıb. Sonuncu turda üçüncü yerin sahibi məlum olacaq. Eyni zamanda, 38-ci turun yekununda bombardirlər yarışının qalibi müəyyən olunacaq. Sona bir tur qalmış Ayxan Əliyev (Şəki) Tural Həsənovu (Qarabağ) cəmi 1 top fərqi ilə qabaqlayır. Liderdən 4 qol az vuran Cavid Qurbanovun da şansı qalmaqdadır.

Liqanın oyunlarını canlı olaraq həftənin 6 günü saat 12:00-dan 17:00-dək “YouTube” sosial şəbəkəsindəki “GLAHUB” kanalında və saat 16:00-dan 17:00-dək İdman TV-də izləmək mümkündür.

Eyni zamanda, “FIFA-2020” I Liqası ilə bağlı bütün məlumatları kiberidmanın yeganə ünvanı “Gaming League Azerbaijan” tərəfindən məxsusi yaradılmış fifa.gla.az veb-saytında əldə etmək olar.

Turnirin baş sponsoru BirBankdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.