İDMAN
® “FIFA-2020” I Liqasının sonuncu həftəsi start götürüb
Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, İdman TV-nin, Azərbaycan Kiber İdman Federasiyasının, “Gaming League Azerbaijan”ın (GLA) və “Topaz”ın birgə təşkilatçılığı ilə keçirilən “FIFA-2020” I Liqasının sonuncu həftəsi start götürür.
AZƏRTAC xəbər verir ki, ötən həftə çempionluq uğrunda mübarizə daha da kəskinləşib. Liqanın bitməsinə cəmi 5 tur qalıb və bunun həyəcanını yaşayan iştirakçılar, sonuncu turlarda göstərdikləri oyunla hər xalqın nə qədər vacib olduğunu nümayiş etdiriblər.
Əvvəlcə ilk üçlükdə qərarlaşan komandaların mübarizəsinə nəzər salaq. Əgər 29-cu turdan sonra Rüfət Niftəliyevin idarə etdiyi Quba komandası ən yaxın izləyicisi Naxçıvan kollektivini 5 xal qabaqlayırdısa, komanda cəmi iki tur sonra Quba ilə xallarını bərabərləşdirərək liderliyə yüksəlib. Otuz üçüncü turda qubalıları “Shaki Khans” ilə çətin sınaq gözləyirdi. Turun ən qollu və gərgin qarşılaşmasında çətinliklə də olsa Rüfət Niftəliyev qələbə qazanıb - 6:5. Naxçıvan klubunun “Barda Knights” ilə oyunu təxirə salınıb. Beləliklə də bir oyun çox keçirən Quba kollektivi yenə liderliyə yüksəlib.
Həftənin ən gözlənilməz hesabı Şəki kollektivinin üçlüyə yüksəlməsi olub. Uğurlu və stabil oyun nümayiş etdirən gənc Ayxan Əliyev istəyinə çatıb. Ancaq Şəki komandası sonadək müqavimət göstərməsinə baxmayaraq, liderlərlə oyunlarda məğlub olub. Naxçıvanla oyunda dramatik məğlubiyyətin (3:4) ardından, Ayxan Əliyev Quba komandası ilə oyunda da önəmli üç xal itirib - 5:6.
Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Tural Həsənovun idarə etdiyi “Karabakh Horses” ötən həftə keçirdiyi 5 oyundan 3-nü heç-heçə ilə bitirib. Bu cür xal itkisi ona üçlüyə daxil olmağa imkan verməyib. Hazırda Tural Həsənovu Ayxan Əliyevin komandasından 2 xal ayırır. Bütün bunlar onu deməyə əsas verir ki, bizi irəliləyən turlarda maraqlı və gərgin mübarizə gözləyir.
Liqanın son turları 3-cü yerdən 5-ci yerədək geriləyən Vahid Əfəndiyevin “Qazakh Ashiqs” kollektivi üçün uğursuz olub. Ardıcıl olaraq 7 oyunda xal itirən Vahid Əfəndiyev uğursuzluq zolağından çıxa bilmir və liderdən artıq 20 xal geri qalır.
Turnir cədvəlinin liderlərlə yanaşı, autsayderlər qrupunda da gərgin mübarizəsi davam edir. Belə ki, Beyləqan komandası nəticəsini yaxşılaşdıraraq, 17-ci pillədən 14-cü pilləyə yüksəlib, Lənkəran kollektivi isə əksinə 15-ci yerdəki mövqeyini itirərək iki pillə geriləyib. Əgər bir həftə əvvəl son yerdə Qax kollektivi qərarlaşırdısa, yola saldığımız həftənin nəticələrinə görə, Azər Əliyevin komandası iki pillə irəliləyərək, sonuncu yeri Orxan Bayramovun Bərdə klubuna təhvil verib.
Bombardirlər cədvəlinə məhsuldar oyun nümayiş etdirən Ayxan Əliyev başçılıq edir. Şəki təmsilçisinin aktivində 86 qol var. Ondan 7 qol az vuran Cavid Qurbanovun hesabında 79 qol var. İlk üçlüyü 75 qolla Qarabağın sükanı arxasında duran Tural Həsənov təşkil edir.
Liqanın oyunlarını canlı olaraq həftənin 6 günü saat 12:00-dan 17:00-dək “YouTube” sosial şəbəkəsindəki “GLAHUB” kanalında və saat 16:00-dan 17:00-dək İdman TV-də izləmək mümkündür.
Eyni zamanda, “FIFA-2020” I Liqası ilə bağlı bütün məlumatları kiberidmanın yeganə ünvanı “Gaming League Azerbaijan” tərəfindən məxsusi yaradılmış fifa.gla.az veb-saytında əldə etmək olar.
BirBank-ın baş sponsoru olduğu turnirə sentyabrın 11-də yekun vurulacaq.