® Gənc qadınlar “Azercell”in dəstəyi ilə startap qurur
AzerTAg.az

“Azercell Telekom” MMC-nin qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılmasına və startap ideyalarının inkişafına yönəlmiş proqramının birinci mərhələsi yekunlaşıb.
Ölkənin lider mobil operatorunun “FemTech” şirkətinin tərəfdaşlığı ilə “Her Improvement” layihəsi çərçivəsində iştirakçılar “Rəqəmsal məhsullar”, blokçeyn, NFT, “Ağıllı şəhər-ağıllı kənd”, “Müasir texnologiyalar veb 3”, “Startapların günümüzdə rolu” mövzularını əhatə edən təlimlər keçiblər. Təlimçilər arasında “Azercell” şirkətinin əməkdaşları da yer alır. Hazırda yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan gənc qadınlardan ibarət 5 komandanın təqdim etdiyi məhsulun doğru istiqamətləndirilməsi, formalaşması və təkmilləşməsi üzərində iş gedir. 2023-cü ilin may ayınadək davam edəcək proqramda xanımlar proqramlaşdırma dərslərində iştirak edəcək, peşəkar mentorlarla, yerli və beynəlxalq bazarda real təcrübəsi olan informasiya texnologiyaları liderləri və startap təsisçiləri ilə görüşəcəklər. Layihə çərçivəsində iştirakçılar startap ideyalarının inkişafı üçün inkubasiya proqramını keçmək, öyrəndiklərini praktiki olaraq icra etmək, professional əlaqələr qurmaq imkanı əldə edəcəklər.
Xəbərin mətnində orfoqrafik səhv var