İQTİSADİYYAT


® “Kapital Bank”ın baş korporativ satış inzibatçısı: Təqdim etdiyimiz yeni məhsullar ənənəvi biznes kreditlərindən daha sərfəlidir

Son zamanlar ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafına böyük önəm verilir. Sahibkarların daha səmərəli və şəffaf işləməsi üçün bütün zəruri şərait yaradılır. Təbii ki, sahibkarlığın inkişafı üçün maliyyələşmə kanalının olmasına böyük ehtiyac var. Bu səbəbdən də “Kapital Bank” sahibkarların maliyyələşməsi istiqamətində yeni məhsullar təqdim edir, həmçinin bir sıra aksiya və kampaniyalar keçirir. “Kapital Bank”ın baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə məhsulların şərtləri və yeniliklər barədə olan suallara cavab verib.

- Fərid müəllim, “Kapital Bank”ın yeni təqdim etdiyi ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsulları nələri əhatə edir və kimlər üçün nəzərdə tutulub?

- Əvvəlcə onu qeyd edim ki, ticarət əməliyyatlarının maliyyələşdirilməsi – faktorinq, satışın maliyyələşdirilməsi və təchizat öncəsi maliyyələşdirmə olmaqla üç məhsuldan ibarətdir. Bu məhsullardan hüquqi şəxs və fərdi sahibkarlar rahatlıqla istifadə edə bilər. Xüsusən də, əsas hədəfimiz olan kiçik və orta sahibkarlıqla məşğul olan müştəriləri nəzərə alaraq, bu məhsullar üzrə bazara əlverişli şərtlər təqdim edirik.

Biz geridə qoyduğumuz 2018-ci ildə ilkin faktorinq məhsulunu test etdik. Nəticələrin uğurlu alındığını və bu növ məhsullara bazarda yetərincə tələbat olduğunu nəzərə alaraq, kütləvi satışlarına start verdik.

- Az öncə qeyd etdiyiniz faktorinq, satışın maliyyələşdirilməsi və təchizat öncəsi maliyyələşdirmə məhsullarının mahiyyəti və üstünlükləri nələrdən ibarətdir?

- Öncə onu qeyd etmək istərdim ki, bu məhsullar müştərilərə dövriyyə vəsaitlərindən rahat və sürətli istifadə imkanı verir. Belə ki, faktorinq və satışın maliyyələşdirilməsi məhsullarından istifadə zamanı satıcı, satdığı malın dəyərinin alıcı tərəfindən ödənilməsini gözləmədən, etdiyi satış dəyərinin 90 faizə qədərini “Kapital Bank” tərəfindən dərhal əldə edə bilir. Təchizat öncəsi maliyyələşdirmə məhsulundan istifadə zamanı isə satıcı, alıcı ilə bağladığı müqavilə və ya ondan qəbul etdiyi alış sifarişi əsasında “Kapital Bank”a müraciət etməklə, təchiz ediləcək mallar və ya görüləcək işlər üzrə öncədən maliyyələşmə əldə edə bilir.

Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarının üstünlüklərinə gəldikdə isə, əsas olaraq girov tələbinin olmadığını qeyd etmək olar. Bundan başqa, satıcı biznesini davam etdirmək üçün satış dəyərinin 90 faizə qədərini “Kapital Bank”dan əvvəlcədən alıb, daha rəqabətə davamlı məhsullar təklif etmək imkanına malik olur. Həmçinin bu məhsulun alıcıdan avans tələb etməməsi, məzənnə dəyişikliyi, inflyasiya və likvidlik risklərinin olmaması kimi üstünlükləri də vardır.

Daha anlaşıqlı olması üçün bir-neçə sadə nümunə üzərindən davam etmək istərdim. Misal üçün, sahibkar 10 min manatlıq satış edib. Amma müştəri ilə malın dəyərinin 90 gün sonra ödənilməsini haqqında razılıq var. Bu halda sahibkar bu satışı təsdiq edən sənədlərlə “Kapital Bank”a müraciət edərək, faktorinq və ya satışın maliyyələşdirilməsi məhsullarından istifadə edə bilər. Nəticədə o, 90 gün gözləmədən 10 min manatın 90 faizə qədərini, yəni 9000 manatını dərhal alacaq. Qalan hissəni isə alıcı, ödənişi edən zaman əldə edəcək.

Yaxud təsəvvür edin ki, sahibkar çox önəmli bir müştəridən dəyəri 50 min manat olan sifariş qəbul edib. Amma həmin sifarişi icra etmək üçün hazırda kifayət qədər vəsaiti yoxdur. Bu zaman sahibkar, bu sifarişi təsdiq edən sənədlərlə birgə “Kapital Bank”a müraciət edib, təchizat öncəsi maliyyələşdirmə məhsulunu götürə bilər. Sifariş dəyərinin 90 faizə qədərini, yəni 45 min manatını öncədən əldə edib, sifarişi rahatlıqla icra etmək olar. Alıcı isə öz növbəsində, əvvəlcədən avans ödənişi etmədən, sifariş icra olunduqdan sonra onun tam dəyərini ödəyir.

- Bəs nəyə görə müştərilər onlara daha yaxşı məlum olan biznes kreditindən deyil, bu məhsullardan istifadə etməlidirlər?

- Təbii ki, müştərilər biznes kreditlərindən də istifadə edə bilər. Lakin bu zaman kredit rəsmiləşdirilməsi üçün müştəri haqqında daha çox məlumat və daha çox sənəd tələb olunur. Maliyyə vəziyyətinin qiymətləndirilməsi ilə birgə kreditin rəsmiləşdirilməsi prosesi bir qədər vaxt aparır. Vaxt isə, bildiyimiz kimi, biznesdə ən dəyərli resursdur. Bunlarla yanaşı girov tələbinin olmaması məhsula əlavə üstünlük qazandırır.

- Ümumiyyətlə ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarını hansı müştərilər üçün daha münasib hesab edirsiniz?

- Bu məhsulları daha çox KOS seqmentinə aid müştərilər üçün münasib hesab edirəm. Çünki, KOS seqmentində olan müştərilər üçün çeviklik və yeni etibarlı ticarət tərəfdaşlarının tapılması əsas amillərdəndir. Bu maliyyələşmə alətləri də müştərilərimizə çevikliyi və etibarlı ticarət əlaqələri qurmağı təmin edə bilir. Eyni zamanda, nisbətən kiçik bizneslər üçün maliyyə resursu axtaran zaman əsas problemlərdən biri olan girov tələbi Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarında yoxdur.

- Bu məhsullar üzrə “Kapital Bank” olaraq müştərilərdən olan gözləntiləriniz nələrdən ibarətdir?

- Ticarət əməliyyatlarının maliyyələşdirilməsi məhsullarının tətbiq edilməsi müştərilərin rəsmi şəkildə apardıqları əməliyyatlar üzrə mümkündür. Bunun üçün müştərilərdən olan gözləntilərimizdən biri şəffaf mühasibatlıq sistemlərinə malik olmaları və onu səmərəli şəkildə tətbiq etmələridir. Şəffaf mühasibatlıq sisteminin mövcudluğu müştərilərimiz üçün bu məhsulları daha əlçatan edəcək. Eyni zamanda, ölkəmizin vergi sistemində aparılan islahatlar sahibkarların şəffaf mühasibatlığa keçməyini təşviq edəcək və ümumilikdə ölkə iqtisadiyyatına müsbət töhfə verəcək.

- Ölkədə son dövrlərdə prioritet olaraq önə çıxan KOS seqmenti üzrə “Kapital Bank”ın daha hansı məhsul təklifləri vardır?

- “Kapital Bank” kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Artıq KOS seqmentinə aid müştərilərə daha keyfiyyətli bank xidmətlərinin göstərilməsi üçün “Kapital Bank”ın bir sıra filiallarında xüsusi mərkəzlər yaradılıb. Bundan əlavə, KOS müştərilərinə hesablaşma və xəzinə xidmətləri, məsafədən bankçılıq, biznes krediti, əməkhaqqı layihələri, biznes kartlar, inkassasiya və sənədli əməliyyatlar hesab edilən – qarantiya və akkreditivlər üzrə xidmətlər də sərfəli şərtlərə təqdim olunmaqdadır.

Onu da qeyd edim ki, cari ilin fevral və mart aylarında “Kapital Bank”la yeni əməkdaşlıq etməyə başlayan sahibkarlar üçün aksiyamız var. Şərtlər görə, filiallarımıza müraciət edən sahibkarlara hesabın açılması, sahibkar kartının verilməsi, həmçinin POS terminal quraşdırılması tam olaraq pulsuz həyata keçirilir. Üstəlik bizə müraciət edən hər 100-cü sahibkara 100 manat məbləğində hədiyyə kuponu da verilir.

Son olaraq onu da qeyd edim ki, yaxın zamanlarda biznes overdraft məhsulunun da kütləvi satışına başlayacağıq. Bu məhsul isə öz növbəsində, müştərilərimizə aparmaq istədikləri əməliyyat üzrə hesablarında kifayət qədər məbləğ olmadıqda belə, ödənişləri həyata keçirməyi mümkün edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.