® “Kiçik Ürəklərdə Böyük Xatirələr”
AzerTAg.az

“Azercell”in dəstəyi ilə şəhid övladları üçün reabilitasiya proqramına start verilir
Korporativ Sosial Məsuliyyəti öz fəaliyyətinin ayrılmaz və mühüm hissəsi hesab edən “Azercell Telekom” şirkətinin dəstəyi ilə “Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihəyə start verilib.
Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün “Art terapiya” yolu ilə psixoloji təlimlər təşkil etmək, eləcə də onların qəhrəman ataları haqqında ən gözəl xatirələrindən ibarət kitabı həm rəqəmsal, həm də çap formatında nəşr etməkdir. Layihədə “Azercell”in partnyoru “GİD CSR Consulting” şirkətidir.
“Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsində 5-14 yaş arasında olan 300 uşağın anası ilə birgə iştirak edəcəyi planlaşdırılır. COVID-19 virusunun yayılması ilə əlaqədar pandemik şəraiti nəzərə alaraq, təlimlər onlayn şəkildə keçirilir.
Təlimlər bir neçə istiqamət üzrə təşkil olunub. “Art terapiya” (təsviri sənət terapiyası) uşaqların özünü rahat və azad formada ifadə etməsinə, içində qapalı saxladıqları duyğularını üzə çıxarmalarına şərait yaradacaq. Musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növlərinin köməyi ilə terapiya alan uşaqlar həm də bu yolla estetik yönlərini ortaya çıxara biləcəklər.
“Arzular ağacı” mövzusunda təlimin məqsədi isə iştirakçılarda özünə inam və ruh yüksəkliyi yaratmaqdır. Bu təlimin köməyi ilə uşaqlara və onların valideynlərinə psixoloji yardım göstərmək mümkün olacaq. Bu təlim böyük sarsıntı yaşayan uşaqların üzləşdikləri psixoloji problemləri adlamaqlarına, gələcəkdə yarana biləcək daha ağır çətinliklərin qarşısını almağa kömək edəcək. Layihə çərçivəsində təlimlər zamanı xüsusi psixoloji çətinlik yaşayan uşaqların olduğu aşkarlanarsa, onların valideynləri ilə fərdi görüşlər də təşkil ediləcək.
“Uğur hekayəsi” istiqamətindəki təlimlərdə tanınmış şəxslər, böyük çətinliklər bahasına uğur qazanan peşəkarlarla görüş nəzərdə tutulub.
Layihə çərçivəsində şəhid övladlarının qəhrəman ataları haqqında xatirələri bir kitabda toplanacaq. Həm çap, həm də elektron formatda hazırlanacaq kitabın ayrıca bir bölümü atası haqqında heç xatirəsi olmayan körpə şəhid övladlarına həsr ediləcək. Bu kitab şəhidlərin öz ailələri ilə yanaşı, hər kəsin xatirələrində və qəlbində yaşamasına kömək edəcək. Kitabın elektron versiyasını “Bookmate” mobil tətbiqindən də oxumaq mümkün olacaq.
Bu layihə hər bir azərbaycanlının rahat gələcəyi naminə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən mərd və yenilməz hərbçilərimizə və onların ailələrinə duyulan hörmət və qayğının kiçik nümunəsidir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 93,6 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 98,65 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda, Beynəlxalq “Biznes STEVIE” Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, “M2M”, “4G”, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə “5G” texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən “4G” şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-dək bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in “4G” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.
Xəbərin mətnində orfoqrafik səhv var