İDMAN
® “PUBG Mobile” virtual döyüş növü üzrə Azərbaycan birinciliyi başa çatıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Böyük maraqla qarşılanan “PUBG Mobile” virtual döyüş növü üzrə Azərbaycan birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da keçirilən ilk final oyunu gərgin mübarizə ilə yadda qalıb. Dörd xəritədə 32 komanda arasında ən yaxşı nəticəni Qazax təmsilçisi “Clay Duo” komandası əldə edib. Oyun ərzində cütlük 53 xal və 21 “məhvetmə” (“kills”) ilə birinciliyi əldə edib. İkinci pillənin sahibi isə Xızını təmsil edən “PMCO boys” komandası olub. Komanda oyunu 53 xal və 18 “məhvetmə” ilə başa vurub. Oyunun ərzində isə ən yaxşı nəticəsini “Atlantes Cycle-team” cütlüyündən “cycSHERİFF” ləqəbli İsmayıl Süleymanov göstərib. O, 8 “məhvetmə” ilə yadda qalıb.
Sentyabrın 21-də isə final görüşləri oynanılıb. Nəticələrə əsasən birinci yeri “PMCO boys” komandası tutub. Xızı təmsilçiləri 97 xal və 30 “məhvetmə” ilə Azərbaycan birinciliyinin qalibi olublar. Turnirdə ikinci yerdə Bərdə təmsilçisi “DIFAI BLUE” (88 xal və 19 “məhvetmə”), üçüncü yerdə isə Qazax təmsilçisi “Clay Duo” (75 xal və 29 “məhvetmə”) qərarlaşıblar.
Digər pillələrdə müvafiq olaraq “BEST OF” (Bakı, 72 xal və 22 “məhvetmə”) və “EXPECTED” (Ağdam, 63 xal və 17 “məhvetmə”) komandaları tutublar.
Turnirin qalibləri “MyShops.az”ın təqdim etdiyi müxtəlif markalı 10 mobil telefon ilə mükafatlandırılıb.
Qeyd edək ki, “PUBG Mobile” virtual döyüş növü üzrə Azərbaycan birinciliyində 512 komandanın tərkibində ümumilikdə 1024 iştirakçı mübarizə aparıb. On altı qrupda yer alan bu komandalar üç müxtəlif xəritədə güclərini sınayıblar. Hər qrupda ilk iki yeri tutan komandalar böyük finala vəsiqə qazanıblar.
GLA-nın təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşları Müdafiə Sənayesi, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Kiber İdman Federasiyası və “MyShops.az” onlayn alış-veriş saytı olub.
2019-cu ilə qədər olan statistikaya görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsinin məşhurluğu bu gün də artmaqdadır. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına daxil edilib. Azərbaycanda isə 2019-cu ildə yaranmış, kiber idman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiber idman çempionatı təşkil edib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılması daxildir.