İQTİSADİYYAT
® Proqramçılar yarışa çıxır!
“Azercell”in Qızıl Sponsor kimi çıxış etdiyi “Hackathon-AzIn 2018” müsabiqəsində innovativ fikirlər koda çevriləcək
Ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı gənclərin bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmaq məqsədilə “Hackathon” müsabiqəsinə start verilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə həyata keçirilən “Hackathon-AzIn 2018” yarışması oktyabrın 29-30-da baş tutacaq. Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində təşkil olunan müsabiqədə startapların öz bizneslərini qurmasına, innovativ xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə daim dəstək göstərən “Azercell Telekom” MMC Qızıl Sponsor kimi çıxış edir.
Məlumat üçün bildirək ki, 3 mərhələdən ibarət olacaq “Hackathon” müsabiqəsinin birinci mərhələsi oktyabrın 29-da “AzInTelecom” tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayacaq. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyəcək, oktyabrın 30-da isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçiləcək. Müsabiqədə birinci yerin qalibi 5 min AZN, ikinci yerin qalini 3 min AZN, üçüncü yerin qalibi isə min AZN məbləğində “AzInTelecom” tərəfindən mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək istəyən proqramçılar “hackathon.azintelecom.az” ünvanına daxil olaraq qeydiyyat formasını doldurmalıdırlar.
Qeyd edək ki, müəyyən bir mövzu ilə bağlı proqramçıların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirdiyi, məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırladığı “Hackhaton”lar bütün dünyada adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Proqramçıların marafonu hesab edilən “Hackathon” yarışması “Azercell”in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə də ölkəmizdə 5 dəfə keçirilib.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət etmək mümkündür.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.