REGİONLAR
® Qazax Sement Zavodu Berlində keçiriləcək mükafatlandırma mərasimində iştirak edəcək
Qazax, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiq etdiyi regionların sosial iqtisadi inkişafı Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində bölgələrdə yaradılmış müasir sənaye müəssisələri öz fəaliyyətlərini daim genişləndirməklə ixrac potensiallarını artırır, həmçinin idarəetmə və yeni innovasiyanın tətbiqi nəticəsində dünyanın aparıcı ölkələrinin müəssisələri ilə rəqabət aparırlar.
AZƏRTAC xəbər verir ki, oktyabrın 1-2-də Almaniyanın paytaxtı Berlin şəhərində beynəlxalq sement konfransı çərçivəsində 2019-cu il ərzində sement sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin mükafatlandırılması (Cement İndustry Awards 2019) keçiriləcək. Konfransda dünyanın 30-dan çox ölkəsindən dəvət olunan sement sənayesi şirkətləri iştirak edəcək və burada sement sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin 2019-cu il üzrə nailiyyətlərinin mükafatlandırılması mərasimi olacaq.
Mükafatlandırma istehsalın optimallaşdırılması, modernləşdirmə, təhlükəsizlik, ətraf mühitin qorunması və müəssisələrin digər əsas göstəriciləri nəzərə alınmaqla həyata keçirilir. Üç fərqli nominasiyada keçiriləcək mükafatlandırmada Almaniya, Avstriya, Türkiyə, Argentina, ABŞ və Afrika ölkələrinin aparıcı sement sənayesi şirkətləri ilə yanaşı, Qazax Sement Zavodu MMC (Akkord Sement) də iştirak edəcək.
Qeyd edək ki, Qazax Sement Zavodu MMC (Akkord Sement) bu mükafatlandırma üçün ilkin mərhələni keçərək “İlin sement zavodu” nominasiyası üzrə nominant olaraq seçilib və ölkəmizi CTP GmbH (Avstriya), “Opterra Zement GmbH” (Almaniya), “W & P Zement” (Avstriya), “Çimsa” (Türkiyə), “Loma Negra” və “Recycomb” (Argentina), “Lomax”, “Thyssenkrupp” (Almaniya), “INSEE Ecocyle” (Cənubi Afrika) kimi aparıcı sement materialları istehsalçıları arasında təmsil edəcək.
Mükafatlandırma “İlin sement zavodu”, “İlin sement layihəsi”, “Ətraf mühitin qorunması” nominasiyaları üzrə keçiriləcək.
Nominasiya haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://www.cemnet.com/Conference/Item/183061/ICR-Cement-Industry-Awards-2019 .