İQTİSADİYYAT
® “Rabitəbank” 27 yaşı münasibətilə ailələrə dəstək olacaq
“Rabitəbank” ASC aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində ailələrə öz bizneslərini qurmaq üçün dəstək göstərməyə davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Banklar Assosiasiyası və “Rabitəbank”ın birgə icra etdiyi bu proqram çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq, istehsal və ya xidmət sahəsində fəaliyyət göstərmək üçün avadanlıqlarla təmin edilir. Məqsəd həmin ailələrə kiçik biznes fəaliyyətinə başlamasına dəstək olmaq və ya mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış memorandum çərçivəsində “Rabitəbank” ilin sonunadək fərqli regionlarda həssas əhali qruplarının biznes üçün tələb olunan avadanlıqlarla təmin edilməsini davam etdirəcək. Bank 27-ci fəaliyyət ili münasibətilə 27 aztəminatlı ailənin sahibkarlıq fəaliyyətinə başlaması üçün yardım edəcək. Proqram çərçivəsində “Rabitəbank” Şəmkir, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Sumqayıt və paytaxtın müxtəlif rayonları üzrə həssas əhali qruplarına əvəzsiz olaraq müxtəlif avadanlıqlar təhvil verib. Bank gözəllik salonu, dizayn və fotoqrafiya studiyası, mebel emalatxanası, dərzi atelyesi, ferma, arıçılıq və sair kimi sahələri fəaliyyət göstərmək üçün lazım olan bütün zəruri avadanlıqlarla təchiz edərək sözügedən şəxslərin öz biznes xəyallarını gerçəkləşdirməsinə dəstək olub.
Qeyd edək ki, “Rabitəbank” kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası ilə sıx əməkdaşlıq əsasında “Rabitəbank” gələcəkdə də aztəminatlı ailələrin kiçik biznes xəyallarının reallaşdırılması yolunda əməli addımlar atacaq.
"Rabitəbank" Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, “İnternet Bankinq” və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.