İQTİSADİYYAT
® “Rabitəbank” həssas əhali qruplarına təmənnasız dəstək olmağa davam edir
Ölkəmizdə korporativ sosial məsuliyyətyönümlü proqramların hər zaman təşəbbüskarı və dəstəkçisi olan “Rabitəbank” ASC “Özünüməşğulluq” layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmağa davam edir.
Bank ötən yay daha bir neçə vətəndaşımızın şəxsi biznesini qurmaq arzusunu gerçəkləşdirib. Son bir ay ərzində “Rabitəbank” tərəfindən ölkəmizin Ağcabədi, Ağsu, Quba, Masallı, Şəki, Şirvan bölgələrində və paytaxtda yaşayan həssas əhali qruplarına mənsub olan sakinlərə öz kiçik bizneslərinin qurulmasına dəstək məqsədilə təmənnasız aktivlər təqdim olunub. Layihə çərçivəsində Tünzalə Qurbanovaya, Ramil Damadayevə, Şahin Nəzərova və Bəxtiyar Əliyarova yerli cins damazlıq inəklər, qoyunlar və onların yem ehtiyatı, Kəmalə Hacıyeva və Gülzar Nuriyevaya qadın salonu paketi, Bəhram İlyasova arıçılıq təsərrüfatının yaradılması üçün, Samirə Abuzərovaya dərzi fəaliyyəti ilə məşğul olması üçün avadanlıqlar təqdim edilməklə öz ailə bizneslərinin formalaşdırılmasına kömək göstərilib.
Qeyd edək ki, bu təşəbbüs “Rabitəbank”la Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum çərçivəsində həyata keçirilir. “Rabitəbank” ilin sonunadək ölkənin fərqli regionlarında, eləcə də paytaxtda aztəminatlı vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək. Bütün proqram iştirakçılarına gələcək işlərində uğurlar arzulayırıq.
"Rabitəbank" Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil tətbiqi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.