İQTİSADİYYAT
® “Rabitəbank” ilə DİA arasında əməkdaşlıq memorandumu imzalanıb
Sentyabrın 28-də “Rabitəbank” ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu “Rabitəbank”ın İdarə Heyətinin sədri Aydın Hüseynov və DİA-nın rektoru Urxan Ələkbərov imzalayıblar.
Yarandığı tarixdən etibarən təhsilin inkişafına xüsusi diqqət göstərən “Rabitəbank”ın əməkdaşlıqda məqsədi tələbələrin bilik və bacarıqlarının artırılması, elmi-praktik əlaqələri inkişaf etdirmək, ixtisaslı kadr hazırlığını təmin etmək və ikitərəfli münasibətləri möhkəmləndirmək olub. Memorandum çərçivəsində çıxış edərkən Aydın Hüseynov bildirib ki, “Rabitəbank” gənclərin gələcəyinə töhfə verməyə çalışır. Buna görə də təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıqlar bizim üçün önəmlidir. DİA ilə əməkdaşlığımız çərçivəsində həm tələbələr, həm də bankın əməkdaşları bir çox xüsusi imtiyazlardan yararlana biləcəklər. Qeyd etmək istərdim ki, memorandumun nəticəsi olaraq bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin “Rabitəbank”ın müvafiq struktur bölmələrində təcrübə və təlim keçmələrinin təşkil edilməsi, tələbələrin elmi-tədqiqat işlərinin aparılması üçün “Rabitəbank” tərəfindən müvafiq şəraitin yaradılması və bu kimi bir çox tədbirlər nəzərdə tutulub.
“Bu gün Azərbaycanın hər bir sahədə sürətlə inkişaf etməsi dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclərin qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün dünyada sürətlə yeniləşən nanotexnologiyalardan, yüksək bilik və təcrübədən geniş istifadə olunmalıdır. Bu mövzuda isə böyük maraqlarımızdan biri təcrübəli şirkətlərlə əməkdaşlıqdır. “Rabitəbank”la əməkdaşlığımızın uğurlu olacağına inanır, gələcəkdə əməkdaşlığın daha da genişlənməsi üçün müxtəlif tədbirlər görməyi planlayırıq”, – deyə Urxan Ələkbərov qeyd edib.