İQTİSADİYYAT
® “Rolls-Royce” ştatı saxlayaraq iki növbəli istehsala keçir
“Dörd ay əvvəl, karantindən sonra istehsalı yenidən başladan ilk ingilis avtomobil istehsalçısı olduq və bu gün növbəti mühüm hadisəni - ikinci növbənin qayıtmasını qeyd edirik. Bu addım işimizin gücünü, sabitliyini və yeni “Ghost”un buraxılışı sayəsində yeni bir sıçrayış edən bütün dünyadakı modellərimizə əhəmiyyətli tələbatı əks etdirir”, - deyə “Rolls-Royce Motor Cars”ın icraçı direktoru Torsten Müller bildirib.
“Rolls-Royce Motor Cars” “Qudvud” zavodunda iki növbəli istehsala keçdiyini elan edib. Bu addım karantindən əvvəlki səviyyəyə çatmaq deməkdir. İşçilərin heyəti tamamilə qorunub saxlanılır, bütün işçilər iş yerlərinə qayıdıb. Zavod mövcud rəsmi qaydalara uyğun olaraq ciddi təhlükəsizlik və sağlamlıq tədbirlərini davam etdirir. Zavod yeni “Ghost”un dünya premyerasından iki həftə sonra ikinci növbəni tətbiq edir. Dünya bazarlarında, xüsusilə pandemiyanın zirvəsindən keçən bölgələrdə, bütün “Rolls-Royce” modellərinə tələb sürətlə artır.
Xatırladaq ki, Böyük Britaniyada təcrid tətbiq edildikdən sonra, “Rolls-Royce” şirkəti işçilərini və onların ailələrini qorumaq üçün könüllü olaraq istehsalını dayandırmışdı. Mayın 4-dən avtomobil istehsalçıları arasında ilk olaraq “Rolls-Royce” zavodu öz fəaliyyətini bir növbədə bərpa edib. İyunun əvvəlindən isə “Qudvud”da sosial məsafə tədbirlərinə riayət edərək avtomobillərin müştərilərə təhvil verilməsi mərasimləri bərpa olunub.
T.Müller əlavə edib: “Rolls-Royce”da coşqun enerji, həvəs və nikbinlik görürük. Bu, gələcəyimizə inam yaradır. Həm də yerli cəmiyyətə, sənayemizə və bütövlükdə ölkəyə müsbət siqnallar göndərdiyinə inanıram. Bizi bu səviyyəyə sürətlə çatdırmaq üçün göstərdikləri sadiqlik və qətiyyət üçün bütün komandaya təşəkkür etmək istəyirəm. Komandamızı qoruya bilməyimizlə onu göstərdik ki, “Rolls-Royce” əsl ailədir və biz bir-birimizin qayğısına qalırıq. Mən xüsusilə şadam ki, biz əməkdaşların ştatını qoruyub saxlamışıq. Bizim mütəxəssislər, onların istedadı və ustalığı bizim iş uğurunun əsasını təşkil edir və “Rolls-Royce” dünyanın ən dinamik, maraqlı və ruhlandırıcı şirkəti olaraq qalır".