İQTİSADİYYAT


® “Silk Way West Airlines” Hindistan istiqamətində yükdaşımalarının şəbəkəsini genişləndirir

Bu gün “Silk Way West Airlines” Hindistanın Mumbay şəhərindən Bakıya “Boeing-747F” təyyarəsi ilə ilk həftəlik uçuşunu həyata keçirib. Həftənin cümə axşamı günü yerinə yetirilən bu yeni birbaşa reys Hindistanın ən vacib beynəlxalq hava yükdaşımaları məntəqələrindən olan Mumbay Çhatrapati Şivaci beynəlxalq hava limanı ilə Heydər Əliyev Beynəlxalq Aeroportunu birləşdirir.

Cari ilin iyun ayında aviaşirkət Bakını Dehli İndira Qandi beynəlxalq hava limanı ilə birləşdirmiş və həcmi 100 tona çatdırılmış həftəlik “Boeing-747F” reyslərini yerinə yetirməyə başlamışdı. Mumbay istiqaməti artıq “Silk Way West Airlines” aviaşirkətinin Hindistanın hava yükləri bazarındakı ikinci marşrutudur. Yeni reyslərin açılması ilə aviadaşıyıcı həm Hindistan, həm də beynəlxalq tərəfdaşlar üçün hava yükdaşımalarının keyfiyyətini davamlı artırmaqla Asiya kontinental yük şəbəkəsində getdikcə daha mühüm rol oynayacaq.

“Bakını Mumbay ilə birləşdirəcək yeni Hindistan istiqamətinin açılması bizi məmnun etdi. “Silk Way West Airlines” hindistanlı tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində bölgədəki şəbəkəsini davamlı olaraq genişləndirməkdədir. Yeni uçuşlar “Silk Way West Airlines” və hindistanlı həmkarlarımız arasındakı ikitərəfli tərəfdaşlıq tarixində yeni bir səhifə açmaqla müntəzəm uçuş şəbəkəmizin coğrafiyasının genişlənməsini təmin edir”, - deyə “Silk Way West Airlines” şirkətinin baş icraçı direktoru və prezidenti Volfqanq Mayer bəyan edib.

Öz növbəsində, “Silk Way West Airlines” şirkətinin Hindistan yarımadası, Yaxın Şərq və Afrika ölkələri üzrə baş kommersiya direktoru Conni Rubio qeyd edib ki, Hindistan ən vacib qlobal yük bazarlarından biri olmaqla aviadaşıyıcının biznes strategiyası üçün böyük önəm daşıyır: "Bu genişlənmə sayəsində “Silk Way West Airlines” Hindistanı öz qlobal şəbəkəsinə daxil edərək dəyərli müştərilərinə “Boeing-747F” təyyarələri ilə reyslər təklif edir”.

“Taylor Logistics” şirkəti aviadaşıyıcının Hindistan üzrə ikinci baş satış agenti (GSA) olaraq müəyyən edilib. “Taylor Logistics” Mumbay hava limanında (BOM) fəaliyyət göstərəcək, “Hercules Aviation” isə aviaşirkətin Dehli Hava Limanı (DEL) üzrə uzunmüddətli tərəfdaşı olaraq fəaliyyətinə davam edəcək.

“TT Group”un üzvü olan “Taylor Logistics Private Limited” bir əsrdən artıq mövcud olan və hava logistikası sahəsində 40 illik təcrübəyə sahib olan nüfuzlu bir biznes qrupudur. Şirkətlər qrupu keyfiyyət və dəqiqliyə verdiyi dəyər sayəsində geniş miqyasda tanınıb.

2006-cı ildə təsis edilmiş “Hercules Aviation” bir çox beynəlxalq aviadaşıyıcının baş satış agenti olmaqla hava yükdaşımalarının idarə edilməsi üzrə qabaqcıl bir şirkət olaraq qurulub. Şirkət satış, marketinq, müştəri xidmətləri, əməliyyatlar, maliyyə və kredit nəzarəti, anbar və gömrük rəsmiləşdirməsi kimi bir çox sahələrdə üstün bacarıqları və təcrübəsi ilə fərqlənən peşəkarlardan ibarət bir komandaya malikdir.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Xəzər dənizi bölgəsinin ən böyük hava yolu yükdaşıma şirkətidir. Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli “Silk Way West Airlines” 12 müasir “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə Avropa, Asiya və Amerika qitəsinə ayda 350-dən çox uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 2021-ci il aprelin 28-də “Boeing” aviakonserni ilə 5 ən müasir “777F” yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 420 min tondan çoxdur. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir.

“Silk Way West Airlines” şirkəti Koreya Respublikasının İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.