İQTİSADİYYAT
® "AzerTelecom" Türkmənistanda beynəlxalq sərgidə iştirak edib
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" cari il oktyabrın 10-12-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş "Türkmentel 2018" XI Beynəlxalq Telekom və IT Sənayesi sərgisində iştirak edib.
"AzerTelecom" şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyevin bildirdiyinə görə, şirkətin sərgidə iştirakının məqsədi telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, texnoloji yeniliklərlə tanışlıq, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi olub.
Sərgi zamanı Fuad Allahverdiyev şirkətin stendini ziyarət edən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskov, Türkmənistan Respublikasının Nazirlər Kabineti sədrinin nəqliyyat və rabitə məsələləri üzrə müavini Mammetxan Çakiev və rabitə naziri Bayramgeldi Ovezov və digər qonaqlarla görüşərək "AzerTelecom" şirkəti, təqdim etdiyi xidmətlər və perspektiv layihələr barədə məlumat verib.
"Sərgi zamanı müxtəlif yerli və xarici şirkətlərin rəhbərləri və nümayəndələri ilə faydalı fikir mübadiləsi apardıq, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etdik. "Türkmentel 2018" sərgisində iştirak Mərkəzi Asiyada telekommunikasiya və yüksək texnologiyalar sahələrinin hansı istiqamətdə inkişaf etdiyini anlamaq, yeni tərəfdaşlıq əlaqələrini qurmaq və potensial layihələrin müzakirəsi baxımından faydalı oldu", - deyə baş icraçı direktor qeyd edib.
Sərgi çərçivəsində, həmçinin Türkmənistanın müxtəlif telekanallarına və qəzetlərinə "AzerTelecom" şirkətinin xidmətləri və sərgidə iştirakı barədə ətraflı müsahibələr verilib.
Sayca 11-ci olan "Türkmentel 2018" sərgisində "Sony", "Huawei", "Samsung", "Nokia", "Space Systems International Monaco", "Türksat", "Airbus", "Iskratel", "Thales", "Lenovo", "Rostelecom", "Polar Power", "Gospel" kimi tanınmış şirkətlər xidmətlərini və məhsullarını təqdim ediblər.
Qeyd edək ki, "AzerTelecom" Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SIP telefoniya, FTTx (fiber-optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoIP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.