İQTİSADİYYAT
® Azərbaycanda “Azercell”in dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla başa çatıb
Ölkənin lider mobil operatoru davamlılıq və innovasiya mövzusuna həsr olunmuş mühüm sessiyada iştirak edib
13-14 noyabr tarixlərində Bakıda "Azercell Telekom" MMC-nin dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla yekunlaşıb.
İqlim dəyişikliklərinə həsr olunmuş qlobal tədbirlərin önəmli bir hissəsi olan bu forum biznes, maliyyə, dövlət qurumları və qeyri-hökumət təşkilatlarından 1000-ə yaxın sahə liderini bir araya gətirməyə müvəffəq olub. Forum iqlim problemlərinin həlli, davamlı inkişaf təşəbbüsləri və innovativ həllərin müzakirəsi üçün effektiv platforma rolunu oynayıb.
Forumun əsas sessiyalarının birində “Azercell”in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva iştirak edib. Davamlı İnnovasiya Forumunun sədri Nik Qovinqin moderatorluğu ilə keçirilən sessiyada Ş.Əliyeva “Azercell”in ESG strategiyası haqqında danışaraq şirkətin davamlı inkişaf sahəsindəki məqsəd və nailiyyətlərini vurğulayıb. Şirin Əliyeva “Azercell”in bərpaolunan enerji mənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələri barədə məlumat verib.
Ş.Əliyeva “Azercell”in 2017-ci ildən iqlim dəyişikliyinə dair tədbirlər gördüyünü və ölkə ərazisində yaşıl texnologiyaların tətbiqinə başladığını bildirib. Təkcə Qarabağda lider mobil operatorun 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyi və onların enerji tələbatının 60 faizi bərpaolunan enerji hesabına qarşılandığı qeyd edilib. Eyni zamanda, Şirin xanım baza stansiyalarının enerji istehlakını optimallaşdıran proqram təminatı vasitəsilə resurslardan səmərəli istifadənin təmin edildiyini də vurğulayıb.
Şirkətin qlobal iqlim təşəbbüslərində, o cümlədən BMT-nin Qlobal Sazişi və GSMA-nın İqlim Fəaliyyəti üzrə İşçi Qrupunda fəal iştirakı da qeyd olunub. Bildirilib ki, bununla “Azercell” digər bazar iştirakçılarını da ətraf mühitə dair öhdəliklərini artırmağa təşviq edir.
“Azercell”in sosial məsuliyyət təşəbbüslərinə də xüsusi diqqət yetirilib. Şirkətin yaşıl ofis siyasəti və tullantıların idarə edilməsi təşəbbüsləri vurğulanıb, 2022-2023-cü illər arasında şirkətin su istehlakını 27 faiz azaltmağa nail olduğu bildirilib. Bundan əlavə, “Azercell”in qadın və uşaqların müdafiəsi, onların cəmiyyətə inteqrasiyasını dəstəkləməyə yönəlmiş təşəbbüsləri gündəmə gətirilib. Bu çərçivədə “Qadın Qaynar Xətti” və “Uşaq Qaynar Xətti” kimi sosial əhəmiyyətli proqramlar və Cüdo Federasiyası ilə tərəfdaşlıq layihələri haqqında məlumat verilib.
Forumda dinamik panel müzakirələri, interaktiv dialoqlar, əsas çıxışlar, eləcə də qlobal iqlim və sənaye liderləri ilə canlı mübadilələr yer alıb. Tədbir iştirakçıları təbiətə müsbət təsir edən, karbonsuz iqtisadiyyata keçidi sürətləndirəcək strategiyaları paylaşıblar.
“Azercell”in forumda fəal iştirakı şirkətin innovasiya və texnologiyalar vasitəsilə qlobal iqlim fəaliyyətinə təkan verməyə sadiq olduğunu bir daha nümayiş etdirib.