® “Coca-Cola” Fondunun tərəfdaşlığı ilə “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramı təqdim olunub
“Coca-Cola” Fondunun dəstəyi ilə “EcoHub” ekoloji platforması “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramının təqdimat mərasimini keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də tərəfdaşı olduğu proqram plastik tullantıların toplanması və təkrar emalı sahəsində fəaliyyət göstərən təşəbbüsləri dəstəkləmək, tərəfdaşlıqları genişləndirməklə ölkədə dayanıqlı tullantı idarəçiliyini gücləndirmək və dairəvi iqtisadiyyatı təşviq etmək məqsədi daşıyır.
Tədbirin açılışında “Coca-Cola Bottlers” MMC-nin direktoru Rəna Məmmədova çıxış edərək, tullantıların toplanması və çeşidlənməsi üçün dövlət qurumları, gənclər təşkilatları və şirkətlərlə əməkdaşlıq etdiklərini və bu əməkdaşlığın daha təmiz dünya üçün önəmini vurğulayıb.
Daha sonra “EcoHub” platformasının rəhbəri Tükəzban Ağababayeva “PACT” proqramını təqdim edərək proqramının əsas istiqamətinin plastik tullantıların toplanılmasında yeni rəqəmsal texnologiyaların istifadəsinin nəzərdə tutulduğunu bildirib.
Təqdimat çərçivəsində “EcoApp” tətbiqi də istifadəyə verilib.
Ümumilikdə 300 ton plastik tullantı toplamaq hədəfi olan proqram Azərbaycan da daxil olmaqla 5 ölkədə (Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Özbəkistan ) həyata keçirilir və Qlobal Ətraf Mühit və Texnologiyalar Fondu tərəfindən dəstəklənir.
Qeyd edək ki, “Coca-Cola” Fondunun missiyası “Coca-Cola” Şirkətinin fəaliyyət göstərdiyi ölkələr üzrə icmalarda fərq yaratmaqdır. 1984-cü ildə təsis edildiyi gündən bəri “Coca-Cola” Fondu bütün dünyada icmaları gücləndirmək missiyasına xidmət edir.