® Gülşən Əliyeva: Poliklinikalarda əhalinin daha professional və sistemli tibbi xidmət almaq imkanları getdikcə artmaqdadır




Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan müasir səhiyyə infrastrukturuna malik ölkəyə çevrilib. Son illərdə respublikamızda yüzlərlə tibb müəssisəsi tikilib və yaxud əsaslı təmir edilib. Eyni zamanda, bu sahədə aparılan ardıcıl islahatlar səhiyyə sisteminin yeni, müasir mərhələyə qədəm qoymasına hərtərəfli zəmin yaradıb. Azərbaycanda səhiyyənin inkişafına yönələn dövlət qayğısı yalnız bu sahədə müasir infrastrukturun yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi ilə tamamlanmır. Respublikamız bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnərək yeni yanaşmaların, daha mütərəqqi idarəetmə formalarının tətbiqinə “yaşıl işıq” yandırır. Bu gün ambulator poliklinikalar ölkədə ən geniş yayılmış və ən çox xəstə müraciəti olan tibb müəssisələridir.
Həkim-mütəxəssis, ümumi cərrah Gülşən Əliyeva ölkəmizdə ambulator xidmətin təşkili və önəmi ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.
Əhaliyə ilkin və birincili xəstəxanadan kənar tibbi yardım göstərən bu səhiyyə idarələri sahə ərazi prinsipi üzrə fəaliyyət göstərir. Birincili Tibbi Sosial Yardım göstərən müəssisələr arasında poliklinikalar xüsusi əhəmiyyətli mövqe tutur və əhalinin səhiyyə xidməti ilə ilkin təmas məntəqələri hesab olunur. Səhiyyə strukturunun təşkili və idarə olunmasında təməl sütunlardan biri olan bu müalicə-profilaktika ocaqları çoxsaylı funksiyaları özündə birləşdirir. Buraya tibbi diaqnostika (laboratoriya, USM, Rentgen, endoskopiya və s.) müalicə və reabilitasiya xidmətləri ( kardioloji, nevroloji, cərrahi, oftalmoloji, terapevtik, dermatoloji, stomatoloji, fizioterapevtik, travmatoloji), həmçinin tibbi profilaktika və maarifləndirmənin həyata keçirilməsi, xroniki xəstələrin dispanserizasiyası, yoluxucu xəstəliklərin immunizasiyasının təşkili, əhalinin dərman preparatları ilə təmin olunması, eyni zamanda, xəstələrin hospitalizasiyaya göndərilməsi, stasionardan çıxan xəstələrin ambulator nəzarətə götürülməsi və başqa funksiyaları aid etmək olar.
Ümumiyyətlə, aparılan statistik araşdırmalara əsasən əhaliyə göstərilən ümumi tibbi xidmətin 80-90 faizi poliklinikaların payına düşür. Poliklinik-ambulator cərrahi xidmətlər də ixtisaslaşmış tibbi yardımın əsas hissəsini təşkil edir. Yerli keyitmə altında icra olunan, demək olar ki, bütün cərrahi manipulyasiyalar burada həyata keçirilir. Şəxsən öz adımdan qeyd edə bilərəm ki, poliklinik-ambulator cərrahi fəaliyyətimizə olduqca məsuliyyətli yanaşaraq istər əməliyyatdan öncəki diaqnostik müayinələr zamanı, istərsə də əməliyyatın gedişi və sonrakı reabilitasiya müddətində beynəlxalq tibbi kliniki protokol tələblərini daim rəhbər tuturuq.
Bəzən cərrahi prosedurlardan öncə geniş və detallı hazırlıq mərhələsinin şahidi olan dəyərli pasiyentlərimiz səyahət etdikləri inkişaf etmiş Avropa ölkələrinin poliklinik şöbələrində bu cür hərtərəfli yanaşma ilə rastlaşmadıqlarını bizə söyləyirlər. Bu fikirlər bizi çox məmnun edir və işimizi daha böyük zövqlə icra etmək üçün bizə motivasiya qaynağı olur. Bəzən ölkəmizə qonaq gələn və xidmət göstərdiyimiz ərazidə qalan xarici ölkə vətəndaşları sağlamlıqlarında yaranan problemlə bağlı bizə müraciət etməli olurlar. Onlarla ünsiyyət zamanı Azərbaycan səhiyyəsini təmsil etdiyimizi əsla unutmuruq. Öz vətənlərinə bizim səhiyyə sistemi və həkimlərimizlə bağlı xoş təəssüratla qayıtmaları üçün əlimizdən gələni edirik. Yerli vətəndaşlarımız isə bizim üçün böyük bir ailənin fərdləri kimidir. Çünki poliklinikalarda həkimlərin xəstələrlə daha sıx təmasda olmaq şansı olduğu üçün biz zaman keçdikcə geniş bir ailəyə çevrilirik. Hər keçən gün isə ailə üzvlərimizin sayı daha da artır.
Son dövrlərdə TƏBİB tabeliyində mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərən poliklinikalarda əhalinin daha professional və sistemli tibbi xidmət almaq imkanları gündən-günə artmaqdadır. Səhiyyə sahəsinə aid müxtəlif konsepsiyalı layihə və islahatların məzmununa nəzər salsaq, ilkin səhiyyə səviyyəsində göstərilən xidmətlərin həcminin artırılmasına xüsusi yer ayrıldığının şahidi ola bilərik. Məqsəd ambulator-poliklinik yardımın rolunun yüksəldilməsi və əhalimizə daha yaxın olmaqdır. Biz də həkim olaraq üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün əlimizdən gələni əsirgəməməliyik. Mən Azərbaycan həkimi olmaqdan və xalqımıza tibbi xidmət göstərməkdən şərəf duyuram. Bütün xəstələrimizə şəfa diləyirəm.
Gülşən Əliyeva
Həkim-mütəxəssis, ümumi cərrah
Əlaqə: (055) 918-99-96
https://www.instagram.com/dr._gulshan_aliyeva/