® “Prime Cotton” “Made in Azerbaijan” brendlərinin təqdim olunduğu Novruz yarmarkasını keçirdi







“Prime Cotton” şirkəti baş ofisinin yerləşdiyi Qafqaz Biznes Mərkəzində Azərbaycan Tekstil Assosiasiyası və shoppingaz.az platformasının dəstəyi ilə təşkil edilən Novruz yarmarkası uğurla reallaşıb. Bu tədbirin əsas məqsədi “Prime Cotton”un və tərəfdaş şirkətlərinin əməkdaşlarına Novruz bayramının unikal atmosferini yaşatmaq, bayram ruhunu hiss etdirməklə yanaşı, yerli sahibkarlara dəstək olmaq və onların brendlərini daha geniş auditoriyaya tanıtmaq idi.
Tədbir “Prime Cotton”un Baş icraçı direktoru Rövşən Mahmudovun açılış nitqi ilə başladı. O, yarmarka iştirakçılarını və əməkdaşlarını İlaxır Çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, şirkətin korporativ yanaşması və gələcək planları haqqında məlumat verdi. O, həmçinin yarmarka iştirakçılarına uğurlar arzuladı. Daha sonra Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Fəridə Axundova və shoppingaz.az layihəsinin rəhbəri Nərmin Abdinbəyova çıxış edərək bayram təbriklərini çatdırdılar.
Açılış nitqlərindən sonra yarmarka rəsmi olaraq işə başladı. Ziyarətçilər yerli istehsal olunmuş məhsulları almaqla yanaşı, əyləncəli proqramlarda iştirak etdilər və biznes dairələri ilə yaxın əlaqələr qurmaq imkanı qazandılar.
Yarmarkada çoxsaylı yerli brendlər iştirak edirdi. Onlar arasında ətriyyat və kosmetika sahəsində “Zuleykha Parfum”, zərgərlik və aksesuarlar sahəsində “Amorini” və “Atide”, əl işi məhsullar təqdim edən “Di Mom Handmade”, “Şərqinciləri”, “Gilli 1881”, “Nur Dizayn”, “Badira Aliyeva”, “Woonderkind”, “Artwood”, “Vajiha Hasanova”, “Floe_Candle_Dekor”, “Elli Candles” kimi markalar yer alırdı. Dekorativ və təbii məhsullar sahəsində “Azbadam”, “Smfresh Masla”, “Zirə Natural”, tekstil sektoru üzrə “Giltex”, “Azani Tekstil”, Gəncə Tekstil, “Öztekstil”, Bakı Tikiş Fabriki, Business Tex/Xankəndi Tekstil, “Gülsam Group” MMC kimi şirkətlər təmsil olunurdu. Geyim və aksesuar sahəsində isə “Kings Style”, “Zadagan”, “Jansel”, “The Noise”, “Flort”, “Phantom”, “Sfproduction”, “Gültac Brend”, “Abdul Collection”, “Spirit”, “Shine”, “İconicstyle”, “Meshque” MMC və Fakihriya Khalafova kimi yerli brendlər öz məhsullarını sərgiləyirdi.
“Prime Cotton”un tərəfdaş şirkətlərinin əməkdaşları, Azərbaycan Tekstil Assosiasiyasının üzvləri və digər dəvətlilərin iştirak etdiyi yarmarka boyu ziyarətçilər "Made in Azerbaijan" brendlərindən bayram hədiyyələrini seçərək, eyni zamanda yerli istehsala dəstək olma fürsəti qazandılar.
Bu tədbir yerli istehsalın təbliği və sahibkarların bazarda tanınması baxımından vacib addım oldu.