® “Silk Way West Airlines” yenilənmiş IOSA sertifikatı ilə ən yüksək hava yükdaşıma təhlükəsizliyi standartlarını qoruyur

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan “Silk Way West Airlines” Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Əməliyyat Təhlükəsizliyi Auditi (IOSA) sertifikatını yenilədiyini elan edir. Bu mühüm nailiyyət aviaşirkətin təhlükəsizlik və əməliyyat mükəmməlliyinə davamlı sadiqliyini vurğulayır.
“Silk Way West Airlines” artıq 6-cı dəfədir ki, IOSA auditindən uğurla keçməklə hava yükdaşımalarında beynəlxalq təhlükəsizlik tələblərinə ardıcıl riayət etdiyini sübut edir.
Bu audit şirkətin yeni IOSA standartlarına və təcrübələrinə uyğunlaşmaq və onları qəbul etmək bacarığının təzahürüdür. Çoxşaxəli qiymətləndirmə bir çox əməliyyat sahələrini, o cümlədən, yük və uçuş əməliyyatları, yerüstü idarəetmə, texniki xidmət və hava hərəkəti təhlükəsizliyini əhatə edərək “Silk Way West Airlines”ın misilsiz təhlükəsizlik göstəricilərini saxlamaq üçün fədakarlıq nümayiş etdirir.
“Silk Way West Airlines” şirkətinin Korporativ Keyfiyyət və Uyğunluq Təminatı üzrə vitse-prezidenti Darko Vuçiç aviaşirkətin təhlükəsizlik və müştəri məmnuniyyətinə sadiqliyini vurğulayıb: “Müştərilərimizin gözləntilərini qarşılamaqla yanaşı yüksək səviyyəli beynəlxalq təhlükəsizlik standartlarına nail olmaq və onları üstələmək bizim əsas prioritetimizdir. IATA tərəfindən bilavasitə idarə olunan risklərin dəyərləndirilməsi əsasında keçirilmiş audit prosesinin nəticəsində IOSA sertifikatının yenilənməsi əməliyyat mükəmməlliyinə və təhlükəsizliyinə olan sarsılmaz sadiqliyimizin sübutudur və qlobal təhlükəsizlik sahəsində məqsədlərimizə nail olmaqda bir töhfədir”.
2015-ci ildə IATA-ya üzv olduqdan etibarən “Silk Way West Airlines” IOSA audit proqramının tələblərini ardıcıl olaraq yerinə yetirir və üstələyir. Bu davamlı öhdəlik aviaşirkətin təhlükəsizliyə sadiqliyini təsdiq etməklə yanaşı, onun etibarlı hava yükdaşıma həlləri təminatçısı kimi reputasiyasını qlobal miqyasda gücləndirir.
Əsası 2012-ci ildə “İpək yolu”nun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 14 müasir “Boeing 777F”, “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən “Silk Way West Airlines” 2021-ci il aprelin 28-də beş yeni “777F” təyyarəsinin alınması üçün “Boeing” ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir “777-8F” yük təyyarəsinin alınması üçün 2022-ci il noyabrın 10-da müqaviləyə imza atıb. Həmçinin 2022-ci il iyunun 28-də “Airbus” ilə iki “A350F” yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.