® Tahir Gözel Zambiyada Rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib VİDEO




Mayın 8-12-də iş adamı Tahir Gözel “AfCFTA”nın Baş katibi Wamkele Menenin dəvəti əsasında Zambiyanın paytaxtı Lusaka şəhərində keçirilən “Rəqəmsal Ticarət” Forumunda iştirak edib.
Tahir Gözel çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında oynadığı rolu vurğulayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin qazandığı nailiyyətləri, xüsusilə innovasiya sahəsindəki tərəqqini diqqətə çatdırıb.
Afrika ölkələrinin rəqəmsal transformasiya səylərinə Azərbaycanın verə biləcəyi töhfələrə toxunan Tahir Gözel “ASAN xidmət” modelinin uğurunu, Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) və özünün təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin texnoloji həllərini təqdim edərək, bu sahədə dəstəyə hazır olduqlarını bildirib. O, tərəfdaşlığın genişləndirilməsi üçün Afrika ölkələrindən nümayəndə heyətlərini texnoloji potensialla yerində tanış olmaq məqsədilə Azərbaycana dəvət edib.
Gözelin çıxışı forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, eyni zamanda, nüfuzlu CNBC telekanalında geniş şəkildə yayımlanıb.
Tahir Gözel səfər müddətində həm də bir sıra Afrika ölkələrinin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərdə iştirak edib. O, Nigeriyanın sənaye, ticarət və investisiya naziri Jumoke Oduwole, Zambiyanın texnologiya və elm naziri Felix C. Mutati, eləcə də Ruandanın ticarət və sənaye naziri Prudence Sebahizi ilə görüşlər keçirib.
Görüşlər zamanı Tahir Gözel Azərbaycanın rəqəmsal sahədə əldə etdiyi nailiyyətlər, o cümlədən rəqəmsal xidmətlərin ixracı potensialı barədə ətraflı məlumat verib. Xüsusilə “ASAN xidmət” modelinin uğuru və “Proxima Tech Solutions” tərəfindən təqdim olunan qabaqcıl texnoloji həllər vurğulanıb.
O, həmçinin Afrika ölkələri ilə elektron hökumət platformalarının qurulması, kibertəhlükəsizlik sistemlərinin tətbiqi və süni intellekt əsaslı xidmətlərin inkişafı sahəsində əməkdaşlıq imkanlarını təqdim edib.
Zambiyanın texnologiya və elm naziri Felix C. Mutati ölkənin texnologiya sahəsindəki inkişafını yaxından görmək məqsədilə Azərbaycanı ziyarət etməyi planlaşdırdığını bildirib.
Ruandanın ticarət və sənaye naziri Prudence Sebahizi isə Prezident Paul Kaqamenin rəqəmsal transformasiya sahəsinə xüsusi diqqət ayırdığını qeyd edərək, Azərbaycanın rəqəmsal idarəetmə sistemləri ilə yaxından tanış olmaq istədiyini bildirib. Ətraflı məlumat alan nazirlər Azərbaycana olan ehtiramlarını vurğulayaraq tərəfdaşlığa açıq olduqlarını qeyd ediblər.
Bu görüşlər Afrika ilə Azərbaycanın rəqəmsal sahədə tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.