Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"AZƏRBAYCAN REPUBLİKASI ƏHALİSİNİN DÖVLƏT REGİSTRİNİN APARILMASI QAYDASI HAQQINDA ƏSASNAMƏ"NİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Əhalisinin Dövlət Registrinin aparılması ilə əlaqədar fəaliyyəti təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Republikası Əhalisinin Dövlət Registrinin aparılması qaydası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Republikası Əhalisinin Dövlət Registrinin aparılması üçün Azərbaycan Republikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Registri Xidməti yaradılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

3.1. "Azərbaycan Respublikası Əhalisinin Dövlət Registri haqqında" Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.2. Azərbaycan Respublikası Əhalisinin Dövlət Registrinin məlumatından istifadə edən dövlət orqanlarının siyahısının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.3. fərdi eyniləşdirmə nömrəsinin verilməsi qaydasını müəyyən etsin:

3.4. Azərbaycan Respublikası Əhalisinin Dövlət Registrinin yaradılması üçün texniki tapşırığın işlənilməsi, o cümlədən proqram təminatının hazırlanması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının kompüter ilə və digər texniki avadanlıqla təchiz olunması və məlumat mübadiləsinin təmin edilməsi üçün maliyyə vəsaitinin ayrılması məsələsini həll etsin:

3.5. Azərbaycan Respublikası Əhalisinin Dövlət Registri xidmətinin ştat vahidlərinin sayını müəyyənləşdirsin, onu müvafiq inzibati bina ilə və zəruri avadanlıqla təmin etsin:

3.6. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Əhalisinin Dövlət Registrinin formalaşdırılması üçün zəruri olan bütün məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Registri Xidmətinə iki ay müddətində təqdim olunmasını təmin etsin.

5. "Azərbaycan Respublikası vətəndaşının Dövlət Registrinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 fevral tarixli 35 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, N2, maddə 73) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

5.1. Fərmanın adında, 1-ci, 2.1-ci, 2.2-ci, 3.1-ci və 3.2-ci bəndlərində "Azərbaycan Respublikası vətəndaşlarının" sözləri "Azərbaycan Respublikası Əhalisinin" sözləri ilə əvəz edilsin:

5.2. preambulanın üçüncü abzasında "ölkə vətəndaşları" sözləri "ölkə əhalisi" sözləri ilə əvəz edilsin:

5.3. 2.2-ci bənddə "vətəndaşları" sözündən sonra "habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər" sözləri əlavə edilsin.

6. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 14 oktyabr 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin