Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"AZƏRBAYCAN RESPUBLIKASININ TORPAQ MƏCƏLLƏSINDƏ DƏYƏŞIKLIKLƏR EDILMƏSI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyəşikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

-qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

-Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

-Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndində nəzərdə tutulmuş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının qrafiki təsvirini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

-öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin müddəalarının pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb 15 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

3. Müəyyən edilsin ki:

-"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 2-1-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin təqdimatı əsasında həyata keçirir;

-həmin bəndin üçüncü və dördüncü cümlələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 avqust 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin