Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"İXRAC NƏZARƏTİ HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 6, maddə 447; 1999-cu il, N 10, maddə 570; 2000-ci il, N 12, maddə 835; 2001-ci il, N 11, maddələr 676, 686, 695, N 12, maddə 736; 2002-ci il, N 1, maddə 4, N 8, maddə 463; 2003-cü il, N 1, maddələr 3, 16, 23; 2004-cü il, N 2, maddə 57, N 3, maddə 133, N 6, maddə 400, N 7, maddə 505; 2005-ci il, N 4, maddə 277) 10-cu maddəsinə aşağıdakı məzmunda 14-1-ci bənd əlavə edilsin:

"14-1) ixrac nəzarətinə düşən malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə nəzarəti həyata keçirirlər;".

II. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 4, II kitab, maddə 251, N 5, maddə 323, N 12, maddə 835; 2001-ci il, N 1, maddə 24, N 7, maddə 455; 2002-ci il, N 1, maddə 9, N 5, maddələr 236, 248, 258, N 6, maddə 326, N 8, maddə 465; 2003-cü il, N 6, maddələr 276, 279, N 8, maddələr 424, 425, N 12, I kitab, maddə 676; 2004-cü il, N 1, maddə 10, N 4, maddə 200, N 5, maddə 321, N 8, maddə 598 N 10, maddə 762, N 11, maddə 900; 2005-ci il, N 1, maddə 3, N 6, maddə 462; Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 937-IIQD nömrəli qanunu) aşağıdakı məzmunda 202-1-ci, 224-1-ci və 224-2-ci maddələr əlavə edilsin:

"Maddə 202-1. İxrac nəzarətinə aid sənəd və məlumatları yayma

202-1.1. Hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarətinə aid sənəd və məlumatların və ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi -

şərti maliyyə vahidinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

202-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə -

şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.";

"Maddə 224-1. İkili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) istifadə qaydalarını pozma

Kütləvi qırğın silahlarının, silahların, hərbi texnikanın və sursatların yaradılmasında və hazırlanmasında istifadə oluna bilən ikili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmaması dövlətin milli təhlükəsizliyi və maraqlarına zərər vurduqda -

üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddə 224-2. İxrac rejimini pozma

İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), bu malların ixracına qadağan və ya məhdudiyyət qoyulmuş dövlətlərə və son istifadəçilərə ixrac olunması -

bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.".

III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, I kitab, maddə 584; 2001-ci il, N 1, maddə 24, N 3, maddə 139, N 7, maddə 455, N 11, maddələr 680, 698, N 12, maddə 731; 2002-ci il, N 1, maddə 9, N 4, I kitab, maddə 165, N 5, maddələr 234, 237, 239, N 6, maddə 326, N 8, maddə 463, N 12, maddə 692; 2003-cü il, N 1, maddələr 3, 13, 23, N 4, maddələr 177, 178, N 5, maddə 228, N 6, maddələr 257, 276, 279, N 8, maddələr 407, 425, N 12, I kitab, maddələr 679, 696, N 12, II kitab, maddələr 713, 714; 2004-cü il, N 1, maddələr 6, 7, 10, 13, N 4, maddələr 200, 201, 204, N 5, maddələr 313, 314, 317, 321, N 6, maddə 397, N 8, maddələr 596, 597, N 10, maddələr 762, 779, N 11, maddə 900, N 12, maddə 973; 2005-ci il, N 1, maddələr 5, 6, N 2, maddə 61, N 4, maddələr 272, 273, 275, 278, N 6, maddələr 462, 466; Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 938-IIQD nömrəli, 24 iyun tarixli 947-IIQD, 948-IIQD nömrəli qanunları) aşağıdakı məzmunda 324-2-ci maddə əlavə edilsin:

"Maddə 324-2. İxrac nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinə mane olma

324-2.1. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına görə -

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin altmış mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.

324-2.2. İxrac nəzarəti məsələlərinə aid sənəd və məlumatların ixrac nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanlarına verilməməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.".

IV. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 sentyabr 2005-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin