® Hicran Xıdırova: Azərbaycan səhiyyəsi inkişaf edir - MÜSAHİBƏ

Bakı, 24 mart, AZƏRTAC
Azərbaycanda həkimlərlə bağlı son aylarda yaranan ajiotaj narahatlıq doğurmaya bilməz. Müasir Azərbaycan səhiyyəsinin uğurlarını görməzdən gələnlər, Azərbaycan həkimlərini hədəf alıblar. Bu gün Azərbaycan həkimi “linç” edilir, ictimai nüfuzu zədələnir, qara “piar” aparılır. Özünü dolayı yollarla həkim edənlər, insanların sağlamlığına zərər vuranlar təbii ki, qanunvericiliyə uyğun şəkildə cəzalanacaq. Lakin hər hansı hadisədə həkimi birtərəfli günahlandırmaq, peşəkar həkimlərə təzyiq etmək, onları xüsusi nəzarət altında saxlamaq uğurlu nəticələrə gətirib çıxarmayacaq. Bu “linç” kampaniyası peşəkar həkimlərə necə təsir edir? Proses ölkədən həkim axınını sürətləndirə bilərmi? Müasir səhiyyəmizin mövcud vəziyyəti və uğurları ilə bağlı AZƏRTAC-ın suallarını Azərbaycan Tibb Universiteti Tədris Terapevtik klinikasının daxili xəstəliklər kafedrasının tədris hissə müdiri, tibb üzrə fəlsəfə doktoru, infeksionist-hepatoloq Hicran Xıdırova cavablandırıb.
- Son vaxtlar həkimlərin məsuliyyətə cəlb olunması, həkim səhvləri, hətta onların həbs edilməsi ilə bağlı xəbərlər ölkə gündəmini zəbt edib. Təbii ki, müəyyən qanuni prosedurları doğru icra etməyərək, dolayı yollarla hansısa sertifikata malik olan, işinin peşəkarı olmayan, insan sağlamlığına zərər verən həkimlərin cinayət məsuliyyətinə cəlb olunması təbiidir. Ömrünün 25 ilini səhiyyəmizin inkişafına həsr edən peşəkar kimi aydındır ki, baş verənlər sizi də narahat etməyə bilməz…
- Əgər hansısa həkimin xəstə və ya xəstəxana ilə bağlı problemi yaranırsa və bu, bütün həkimlərə şamil edilirsə əlbəttə ki, ürəkaçan və xoşagələn məsələ deyil. Həkim həm mənəvi, həm də maddi olaraq illərini, aylarını, günlərini bu sənətə verir, ömrünü təhsilə həsr edir və həyatının sonuna qədər də təhsilinə davam edir. Bu, yeganə peşədir ki, sən ömrünün sonuna qədər əziyyət çəkməlisən, oxumalısan.
Mən həmişə öz tələbələrimə də deyirəm ki, həkimlik peşə deyil, həyat tərzidir. Sən təyyarədə də, evdə də, yolda da həkimsən.Toyda bir qohumun yanında oturub səndən dərdinə dərman istəyəndə salfetkanın üzərində də olsa dərman yazırsan. Çünki deyə bilmirsən ki, mən səni dinləmirəm. Bütün bu ağırlıqlarına baxmayaraq, hər hansı bir estetik cərrahın səhvi və ya doğum zamanı yaşanan arzuolunmaz sonluq bütün Azərbaycan həkimlərinin nüfuzunu şübhə altına almamalıdır. Hansısa problem olursa, bunu bütün həkimlərə şamil etmək və Azərbaycan səhiyyəsinin uğurlarına kölgə salmaq yolverilməzdir!
Bu gün mən Tibb Universiteti Tədris Terapevtik klinikasının daxili xəstəliklər kafedrasının tədris hissə müdiri, həm də kafedra assistenti olaraq gün ərzində onlarla tələbə ilə ünsiyyətdə oluram və bu məsələlərin onları necə həvəsdən saldığını görürəm. Bu gün tələbələrin xarici ölkələrdə təhsil almaq imkanları bizim dövrümüzdəkindən qat-qat artıqdır. Bu tələbələr gedib xarici ölkələrdə təhsil alıb, ölkəmizə qayıdaraq vətənimizə, xalqımıza faydalı ola bilərlər. Amma təəssüf ki, bu qara “piar” tələbələrimizin də ölkəmizə qayıtması və yaxud burada daha geniş fəaliyyət göstərməsinə mənfi təsir göstərir. Hətta mən qruplara daxil olanda bu həvəssizliyi onların simasında görürəm. Və təəssüf ki, tələbələrimizin ən birinci dilə gətirdikləri məsələ o olur ki, doktor, siz işləmisiniz, neynəmisiniz?!”
Tanınmış kardioloq Rəşad Mahmudovun da dediyi kimi, bu gün həkimlərin haqqında bu cür danışmaq, nəinki bizi, sonrakı nəsilləri də həkimlikdən soyudur. Həqiqətən də çox mənfi bir haldır.
Bəli, bəzən doğru diaqnozlar qoyulmur. Halbuki qoyula bilər. Amma bu, dünyanın hər yerində var. Bir xəstəxanada xəstə rəhmətə gedirsə, bu, oradakı həkimlərin qeyri-peşəkar olmasını və ya xəstəxananın konfident olmadığını göstərmir. Bəzən xəstə artıq elə vəziyyətdə müraciət edir ki, çox gec olur. Yaxud da xəstəliyi çarəsiz olur. Lakin bu gün xəstəxanada intensiv terapiya şöbəsində xəstənin həyatını itirməsindən təəcüblənib, bunu sensasiyaya çevirən insanlar var. Əgər bu xəstə yaxşı idisə, niyə xəstəxanaya gəlirdi, niyə evində yox, intensiv terapiya şöbəsində idi?! Deməli, hər-hansı ciddi problemi var ki, xəstəxanadadır.
Bəli, razıyam, bəzən çox nadir də olsa bu da müşahidə edilir ki, həkim xəstəni geniş müayinə etməlidir, amma buna onun maddi vəziyyəti yol vermir. Bəzən də həkimin ətrafında olan komanda zəif olur. Amma bu o demək deyil ki, bütün xəstəxanalarda vəziyyət belədir və ya bütün həkimlərimiz qeyri-peşəkardır.
Azərbaycanda beynəlxalq səviyyəli kifayət qədər qədər tanınmış həkimlərimiz var. Bunu iki dəfə Qarabağ savaşında da, COVID-19 pandemiyası dönəmində də gördük, bu gün də görürük. Bu həkimlər xəstələri üçün canlarını verməkdən belə çəkinmirlər. Ona görə də mənə elə gəlir ki, bir əlimizlə yıxanda, bir əlimizlə də qaldırmağı bacarmalıyıq.
- Bu gün ölkə səhiyyəsinin inkişafı üçün mühüm addımlar atılır. Azərbaycan həkimləri böyük uğurlara imza atırlar. Müasir səhiyyəmizin imkanlarını bir peşəkar olaraq siz necə qiymətləndirirsiniz?
- Mən öz sahəmi qeyd edim. Bu gün qaraciyər xəstəliklərinin müalicəsi bütün dünyada necədirsə, Azərbaycanda da eynisi aparılır. Satışda olan dərmanların hamısı dövlət sertifikatı və icazəsi olan dərmanlardır. Həmişə xəstələrimə tövsiyə edirəm ki, dərmanları aptekdən aldığınız zaman qeydiyyat sənədini tələb edin. Dərmanlarınızı mütləq şəkildə barkodla yoxlayın ki, doğru dərman qəbul edəsiniz. İşimizin əsas effektini biz keyfiyyətli dərman qəbulundan sonra görürük.
Bu gün istər qaraciyər, istərsə də digər xəstəliklərin müayinə və müalicəsində ən son tibbi imkanlardan, texnologiyalardan faydalana bilirik. Ağlınıza gələcək elə bir laborator analiz yoxdur ki, ölkəmizdə aparılmasın. Mən bu gün eyni zamanda Azərbaycan Tibb Universitetini təmsil edirəm. İnsanlar bəzən xarici ölkələrdə sümük iliyi köçürülməsi, qaraciyər transplantasiyası üçün on minlərlə, yüz minlərlə pul xərcləyirlər, amma faydası olmur. Bu o deməkdir ki, həmin xəstəxana bu əməliyyatları bacarmadı?! O zaman ora 100 minlərlə vəsait xərcləyən insanlar nə etsinlər, xəsətəxananı məhkəməyə versinlər?
Mənim öz tələbələrimə də dediyim bir məsələ var: biz həkimlər xəstənin ən son anına qədər onun həyatı uğrunda mübarizə aparmalıyıq. Hətta xəstə yaxınları xəstədən vaz keçsə belə, həkim vaz keçməməlidir. Qoy, xəstə yaxınları desinlər ki, həkim xəstəni incitdi və s. Amma mən xəstənin yanından vicdanım rahat çıxmalıyam ki, əlimdən gələn hər şeyi etdim, amma xəstəni vəziyyətdən çıxara bilmədim.
Əgər bu gün respublikamızda bu qədər özəl mərkəzlər açılırsa, müasir tibbi cihazlar gətirilirsə, ən son avadanlıqlarla laborator diaqnostika mərkəzləri qurulursa, bütün bunlar Azərbaycan səhiyyəsinin yaratdığı imkanlar sayəsində mümkün olur. Bu gün gecə-gündüz xəstələrin keşiyində dayanan mütəxəssisləri kim yetişdirir?! Onları da Azərbaycan səhiyyəsi yetişdirir.
- Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirildi. Beləliklə də orqan donorluğu və transplantasiyası sahəsində müasir Azərbaycan səhiyyə tarixində ilkə imza atıldı...
- Bəli, bu yaxınlarda nəinki Azərbaycanda,hətta Qafqazda ilk dəfə olaraq meyit donordan alınan qaraciyər köçürülməsi həyata keçirildi.Bu gün ölkəmizdə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz gələcəkdə bütün Qafqazda bu sahədə Koordinasiya Mərkəzinə çevrilə bilər. Bu nəyi göstərir?! Bu onu göstərir ki, bizim səhiyyəmiz inkişaf edir. Orqan transplantasiyası icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində icra olunur.
İllər öncə məşhur Türkiyəli professor, qaraciyər uzmanı Yusif Bayraktar mənə dedi ki, Azərbaycanın görkəmli alimi Böyükkişi Ağayevin dəvəti ilə Azərbaycana ilk dəfə gələndə ağlına belə gətirməzdi ki, burada nə vaxtsa qaraciyər transplantasiyası həyata keçirilə bilər. Cünki səhiyyəmiz həmin dövrdə bugünkü qədər inkişaf etməmişdi. Bir müddət öncə isə Yusif Bayraktarla növbəti görüşümüzdə bizə belə dedi: “Mən bu gün Azərbaycana gələndə qaraciyər xəstəlikləri sahəsində bu qədər inkişafı görürəm və əminəm ki, siz tezliklə hər kəsi keçəcəksiniz. Çünki biz hansı xarici konfransa gediriksə, sizi yanımızda görürük”. Bilirsiniz, biz o bilgiləri oradan alıb vətənimizə gətiririk. İl boyu mən özüm ən azı 2-3 dəfə istər Avropada, istər Türkiyədə, istərsə də Rusiyada olan konfranslarda iştirak edirəm. Bu gün bizim mütəxəssisləri o beynəlxalq konfranslarda çıxış üçün dəvət edirlərsə, məqalələrimiz orada yayımlanırsa, şəxsi təcrübəmizi yayımlamağımızı istəyirlərsə, deməli, Azərbaycan həkimləri bunu bacarırlar, onların bilik və bacarıqları yüksək qiymətləndirilir.
- Səhiyyənin inkişafı ilə yanaşı,əhalinin tibbi məlumatlılığı da artıbmı?
- Təəssüf ki, bizim müayinə mədəniyyətimiz zəifdir.Yəni, həkimə getməyi, müayinə olunmağı, sağlamlığımıza pul verməyi sevmirik. Heç olmasa, ildə 1 dəfə “check up” müayinədən keçsək, sağlıq problemlərimizi bilərik. Mən xəstələrimə deyəndə ki, ildə heç olmasa 1 dəfə “check up” müayinədən keçin, deyirlər, maddi durumum yol vermir. O zaman təklif edirəm ki, bir şüşə banka götürüb hər gün içərisinə 1 manat qoysunlar və 1 il sonra yığılan 365 manatın yarısı ilə “check up” müayinədən keçsinlər, qalan məbləğə isə dərmanlarını alsınlar. Bunu hər birimiz edə bilərik.
Vətəndaşlar arasında geniş maariflənmə işləri aparılmalıdır. Şəxsən öz adıma deyirəm ki, biz Hepato Club təşkil etmişik. Artıq 3 görüşümüz baş tutub. Adətən belə klublarda həkimlər yığışır, amma mən bu dəfə xəstələri yığdım. Görüşdən öncə xəstələrlə bir rəy sorğusu keçirtdim və hansı həkimlərlə görüşmək istədiklərini öyrənmək istədim. Artıq xəstələrimizi fitoterapevtlə, qastroenteroloq və endokrinoloqlarla görüşdürmüşük. Onları narahat edən suallara cavab alıblar. Çalışırıq ki, xəstələrimiz daha çox maariflənsinlər, özbaşına bitki dəmləmələri içməsinlər, qonşunun məsləhət gördüyü dərmanı qəbul etməsinlər. Axı, bizm bu sahədə də böyük problemlərimiz var. Bununla əlaqədar biz nə qədər toksiki hepatitlə müraciət edən xəstə görürük. Bunları heç olmasa aradan qaldırmağa çalışırıq. Qonşudan dərman soruşmaq yerinə hansısa həkimə müraciət edib, məlumat almaq olar. Bu gün icbari tibbi sığorta xəstələrə o qədər geniş imkanlar verir ki, onu narahat edən sualın cavabını poliklinikadakı bir həkimdən də soruşub, ağıllı məsləhət ala bilər. Mən şəxsən həmişə xəstələrimə deyirəm ki, dərmanları qəbul etdikdən 3-4 gün sonra mənə zəng vurun, görüm necəsiniz? Deyirlər ki, sizi narahat etmək istəmirəm. Mən xəstə zəng vuranda yox, zəng vurmayanda narahat oluram ki, görəsən necədir. Məsələn, mənim sirroz diaqnozu qoyulmuş xəstələrim var. Biz onlara sirroz cədvəlləri veririk və onlar mütəmadi olaraq müəyyən məlumatları həmin cədvələ daxil edib bizə göndərməlidirlər. Xəstə gecə 22:00, 23:00, hətta 00:00-da belə göndərsə də, mən o cavablara baxmalıyam. Xəstələrə də izah edirəm ki, mən bu saatları sizə ayırıram, bu, sizin saatlardır. Məhz o cədvəllərdəki məlumatlarla mən onların xəstəliyini təqib edirəm. Hər bir xəstəmin bölgədən Bakıya tez-tez gəlməyə nə vaxtı, nə də maddi imkanı yol verir. Bu gün sevindirici haldır ki, artıq bölgələrdə də həkim qıtlığı aradan qaldırılıb. Çünki şəhərdən rayonlara həkimlər çox gedir və onlara yaradılan şərait nəticəsində özləri də gedib bölgələrdə çalışmağa can atırlar. Bu, hər birimizin həkimlik borcudur.
Mənim 3 övladım var və onlardan yalnız biri həkimdir. Onlar məktəbin bəlli bir sinifinə gələndə dedim ki, həkimliyi sevirsinizsə, həyatınızı bu sahə ilə bağlayın. İçinizdə həkimlik sevgisi varsa, bu peşənin dalınca gedin. Əgər sən xəstəyə gecə də durub cavab verə biləcəksənsə, tətildə onun zənglərini cavablayacaqsansa, həkim ol.
Hər bir işin peşəkarı və qeyri-peşəkarı var. Hər bir sahədə işini sevərək gələn və ya seçdiyi sahəyə maddi gəlir yeri kimi baxan insanlar var. Bu, yalnız həkimlikdə deyil, hər sahədə var. Bu məsələləri bu gün bu dərəcədə qabartmaq, həkimlərin zəhmətini heçə saymaq nə dərəcədə doğrudur?! Məqsəd insanları Azərbaycan səhiyyəsindən uzaqlaşdırmaqdır. Çünki bu gün bizim tibbi turizmimiz də inkişaf edir, xarici ölkələrdən xəstələr məhz azərbaycanlı həkimlərə etibar edirlər.
Mən də bu cəmiyyətin üzvüyəm. Mənim də həkimə ehtiyacım var, mən də araşdırıb həkimə gedirəm. Və hər bir peşənin yüksək peşəkarı olduğu kimi, qeyri-peşəkarı da var. Amma tədricən o həkimin qapısının ağzında xəstənin olmaması, o həkimin artıq peşəsində istədiyi gəliri əldə edə bilməməsi onu bu sahədən uzaqlaşdıracaq. Təbii seçmə baş verəcək və cəmiyyət özü qeyri-peşəkarları sıradan çıxaracaq. Sadəcə, cəmiyyəti çaşdırmaq, Azərbaycan səhiyyəsini gözdən salmaq lazım deyil.
- Hicran xanım, bu gün sizə daha çox hansı problemlərlə müraciət edirlər?
- Son zamanlar ən çox qaraciyər yağlanması (Metabolik sindrom) və qaraciyərin toksiki zədələnməsi (Toksiki hepatit) problemləri ilə bağlı müraciətlər olur. Hamiləlik zamanı və ondan sonra meydana çıxan qaraciyər xəstəlikləri, genetik problemlər də çoxdur. Bu isə həm ana, həm də döl üçün ciddi təhlükə hesab olunur. Bəzən qadın ilk hamiləlikdə qaraciyər problemləri yaşayır, lakin həkimin göstərişlərinə əməl etmir və ikinci hamiləlikdə problem daha qabarıq ortaya çıxır, ananın və körpənin sağlamlığı üçün həyati təhlükə yaranır.
Hər bir valideynin övladına verə biləcəyi ən böyük töhfə sağlam ailə təməlidir. Bu gün övladım ailə həyatı qurursa, o da yoxlanmalıdır, qarşı tərəf də. Bu gün hər iki tərəfin problemi vaxtında çözülsə, hamiləlik zamanı da problemlərlə qarşılaşmazlar.
Düzdür, bu gün Asan Xidmət mərkəzlərində evlilik öncəsi müayinə paketləri var. Lakin təəssüf ki, o paketlərdə hepatitlərin yoxlanışı yoxdur. Biz bununla bağlı dəfələrlə müraciət etmişik. Ümid edirik ki, müsbət cavab alarıq. Çünki mütləq şəkildə Hepatit B və Hepatit C, qaraciyərin heç olmasa minimal genetik problemlərini göstərən bəzi analizlər evlilik öncəsi müayinə paketlərinə salınmalıdır. Amma bunun üçün də yenə təbliğat lazımdır. Çünki insan gedib hepatit çıxdığını görüb izdivacı pozacaqsa, bu da sosial problem yaradacaq. Ona görə də hər bir şeydə çox ehtiyatlı davranmaq lazımdır. Öncə maarifləndirməni, peyvəndləməni gücləndirib, sonra bu müayinələri geniş aparmaq lazımdır. Gələcək profilaktik təbabətindir. Erkən müayinələr, peyvəndləmələr, ümumi skrininqlərin aparılması cəmiyyətdə sağlam fərdlərin sayını artıracaq. Sevindirici haldır ki, son zamanlar bizdə peyvəndləmədə çox böyük irəliləyiş əldə olunub. İşlədiyimiz müəssisədə bütün tibbi personal peyvənd olunub. Bu gün onlarla tələbəni peyvəndləmişik. Tələbələrimiz sabah xaricdə də təhsil alsalar, Azərbaycanda da davam etsələr, onların birinci özlərinin sağlam olmağı lazımdır ki, kiməsə xidmət göstərə bilsinlər.
- Həkim, qaraciyər piylənməsi bu gün dünyada da aktual problemdir. Problem niyə bu qədər geniş yayılıb?
- Diqqət etsəniz, bu dəqiqə paradoksal bir vəziyyət yaranıb. Hazırda dünyada heç vaxt olmadığı qədər dietoloq var, heç vaxt olmadığı qədər sağlam qidadan danışılır, idman, fiziki aktivlik təbliğ olunur və eyni zamanda da bu problem artıqca artır. Cünki bəzən bu işlə həm qeyri- peşəkarlar məşğul olur, həm də insanlar işin asanına qaçırlar. “Fast-food” qidalar, qazlı içkilər, yarımfabrikatların istifadəsi, azhərəkətlilik nəticəsində sonda biz aldığımız kalorinin az hissəsini istifadə edirik, qalanı isə qaraciyərdə toplanır.
Düzdür, buna bəzən qaraciyərin hansısa digər problemləri, orqanizmin digər metabolik disfunksiyaları da səbəb ola bilər. Amma istər hepatit olsun, istər şəkərli diabet, istər ürək problemi, fərq etməz. Hər birinin kökündə sağlam həyat və sağlam qidalanma durur. Elə bir həkim varmı ki, xəstəsinə xüsusi bir pəhriz yazmasın?!
Mən həmişə kardioloqlarımıza deyirəm ki, yanınıza ürək xəstəliyi ilə gələn xəstələrinizin qaraciyərini yoxlayın. Çünki qaraciyər ürəyin “ana”sıdır. Qaraciyər orqanizmin metabolik şefidir. Əgər bu gün ürəkdə damarları xolesterin, triqleseridlər tutubsa, anju edirsənsə, mütləq qaraciyəri yoxla. Qaraciyər yağlanıb, metobalizm pozulub. Mütləq öncə orqanizmin “ana”sını müayinə və müalicə et. Çünki yalnız sağlam ana, sağlam övlad böyüdə bilər. İnsan bir tamdır, bütövdür.
Biz həkimlər xəstələri paylaşmaqdan qorxmamalıyıq. Əgər bu gün mənim xəstəmdə yanaşı ürək, böyrək problemi varsa, onu doğru həkimə yönləndirməklə daha çox təşəkkür eşidərsən, nəinki “hər şeyi mən edərəm” deməklə. Bunun nəticəsidir ki, bəzən gecikirik. İtirdiyimiz hər dəqiqə, hər saniyə xəstəyə və bizə çox baha başa gəlir.
Həyat bizə bir dəfə verilir və bütün gözəllikləri Allah bizim zövq almağımız üçün yaradıb. Bizim onlardan zövq almağımız üçün sağlam ruha və bədənə sahib olmağımız lazımdır. Əgər biz ruhumuzu və bədənimizi sağlam saxlaya bilməyəcəyiksə, bu bizim günahımızdır. Çünki bu gün Azərbaycan səhiyyəsinin bunun üçün hər bir imkanı var.
Tibb üzrə fəlsəfə doktoru Hicran Xıdırova
Həkimlə əlaqə: (050) 601-18-31/ (050) 550-78-76