® Mərkəzi Gömrük Hospitalında uroloji risklər və multidisiplinar klinik yanaşmalara həsr olunmuş elmi seminar
Mayın 22-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında həkim və rezidentlər üçün elmi maarifləndirici seminar keçirilib.
Seminar çərçivəsində hamiləlik dövründə rast gəlinən uroloji patologiyaların erkən diaqnostikası, risklərin düzgün qiymətləndirilməsi və klinik qərarvermə prosesində multidisiplinar əməkdaşlığın rolu geniş şəkildə müzakirə olunub.
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq-androloq Bəhruz Xalıqov çıxışı zamanı gestasiya dövründə müşahidə olunan uroloji patologiyaların klinik spektri, risk faktorları və müasir müalicə yanaşmaları barədə ətraflı məlumat verib. O, xüsusilə hamiləlik zamanı fizioloji dəyişikliklərin uroloji sistemə təsiri və həmin dəyişikliklər fonunda yaranan ağırlaşmaların idarə olunmasında fərdi yanaşmanın vacibliyini qeyd edib.
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin 5-ci kurs həkim-rezidenti Güllüxanım Rəhimovanın təqdim etdiyi “Klinik hal” isə real tibbi vəziyyət əsasında hazırlanaraq iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təqdimatda diaqnostik mərhələlər, diferensial yanaşma və müalicə strategiyasının seçilməsi dəqiqliklə izah olunub.
Seminarın yekununda iştirakçılar arasında interaktiv müzakirələr aparılıb, klinik suallar cavablandırılıb və praktik təcrübələr bölüşülüb. Qeyd olunub ki, bu tip elmi tədbirlər həkim və rezidentlərin bilik və bacarıqlarının artırılması, eləcə də multidisiplinar əməkdaşlıq mədəniyyətinin inkişaf etdirilməsi baxımından mühüm rol oynayır.