MƏDƏNİYYƏT
"4.1 Şəhər Motivləri" kinoalmanaxı təqdim ediləcək
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 31-də Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə təntənəli mərasim keçiriləcək.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından AZƏRTAC-a bildirilib ki, mərasimdə xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə aldığı beş qısametrajlı filmdən ibarət "4.1 Şəhər Motivləri" kinoalmanaxının təqdimatı baş tutacaq.
Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olan kinolayihəyə rejissor Anar Abbasovun "Qonşu qadın", Rüfət Həsənovun "Kədərim", Timur İsmailovun "Yuxarıda və aşağıda", Cəfər Axundzadənin "Dmitrov küçəsi 86" və Vüqar İslamzadənin "Zabit şərəfi" filmləri daxildir.
Yeni kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir.