CƏMİYYƏT
"ASAN Radio" 1 yaşını qeyd edir VİDEO
Bakı, 22 dekabr, AZƏRTAC
100 FM dalğasında yayımlanan "ASAN Radio" dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “Faydalı məlumat dalğası” şüarı ilə efirə çıxan radio 1 yaşını qeyd edir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan "ASAN Radio" 2015-ci il dekabrın 24-də yayıma başlayıb. Sosial, elm, idman, mədəniyyət və digər sahələrdə maraqlı verilişlər hazırlayaraq dinləyicilərə təqdim edən "ASAN Radio" həm "ASAN xidmət" mərkəzlərində təmsil olunan, həm də digər dövlət qurumlarının xidmətləri barədə dinləyiciləri ətraflı məlumatlandırır, vətəndaşlarla dövlət qurumları arasında əlaqəni möhkəmləndirir.
Xəbər istehsalçısı olan "ASAN Radio" məlumatları dinləyicilərə operativ şəkildə çatdırır. Bundan başqa, asanradio.az saytı radionun istehsalı olan audio və videomaterialları, ölkədə, xaricdə baş verən hadisələrlə bağlı xəbərləri oxuculara təqdim edir.
"ASAN Radio" həm də gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, BDU-nun jurnalistika fakültəsinin tələbələri burada təcrübə keçərək radio yayımçılığının müasir metodlarını öyrənirlər.
Sosial mediada fəallığı ilə seçilən və internet üzərindən canlı efirlər, videoreportajlar yayımlayan "ASAN Radio" Azərbaycan və dünya musiqisindən seçmələri dinləyicilərə təqdim edir. Radio beynəlxalq əlaqələr və radiokörpülər qurur, ölkəmizdə və xaricdə keçirilən mötəbər tədbirləri canlı yayımlayır, sosial aksiyalarda iştirak edir. Müxtəlif dövlət qurumları, həmçinin bizneslərini inkişaf etdirən özəl strukturlar "ASAN Radio"nu etibarlı tərəfdaş olaraq seçir və təbliğat platformasından yararlanırlar.
"ASAN Radio" Bakıda və Abşeron yarımadasında 100 FM tezliyində yayımlanır. Bundan başqa, radionu asanradio.az saytı vasitəsilə və xüsusi olaraq "ASAN Radio" üçün hazırlanan mobil tətbiqlərdən istifadə etməklə dinləmək mümkündür.