CƏMİYYƏT
“ASAN ödəniş” sistemi ödənişləri qısa müddət ərzində həyata keçirmək imkanı yaradır YENİLƏNİB
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) kütləvi informasiya vasitələri nümayəndələri üçün “ASAN ödəniş” sistemi ilə bağlı xüsusi təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin rəhbəri Fariz Cəfərov “ASAN ödəniş”ə qoşulan yeni qurumlar, sistemin üstünlükləri, yeniliklər, o cümlədən EHİM-in digər layihələri haqqında ətraflı məlumat verib.
F.Cəfərov bildirib ki, “ASAN ödəniş” sisteminin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanına əsasən təsdiq edilib.
“EHİM tərəfindən fəaliyyəti təmin edilən çoxfunksiyalı “ASAN ödəniş” sistemi cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə ödənişləri qısa müddət ərzində, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır. Həmçinin respublika daxilində geniş ərazini əhatə edən “ASAN ödəniş” terminalları, həmçinin www.asanpay.az portalı və “ASAN Pay” mobil əlavəsi vasitəsilə istənilən xidmət üzrə heç bir məhdudiyyəti olmadan 24/7 ödəniş etmək mümkündür.
“ASAN ödəniş” sistemi vasitəsilə 30 mərkəzi, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla 219 qurumun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 541-dən çox xidmət üzrə ödənişləri həyata keçirilə bilər. Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, “Elektron hökumət” portalı, eləcə də sistemə qoşulmuş 10 mindən artıq ödəniş terminalları, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür. Bankların “ASAN ödəniş” sisteminə inteqrasiyası davam edir. Xidmətlərin sayı artırılır. Düşünürük ki, heç bir xidmət kənarda qalmamalıdır. Vətəndaşlar bütün xidmətlərdən elektron şəkildə yararlana bilməlidir. “ASAN ödəniş” sistemi vasitəsilə göstərilən xidmətlərin sayının 541-dən 1000-ə qədər artırılması planlaşdırılır”, - deyə mərkəzin rəhbəri qeyd edib.
Sonra kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.