İQTİSADİYYAT
"Ağ şəhər"də “Yaşıl Ada və Villa Zonası” adlanan ərazidəki bəzi küçələrdə tikinti işləri yekunlaşır VİDEO
Bakı, 19 dekabr, AZƏRTAC
“Ağ şəhər” layihəsi çərçivəsində “Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 3 kilometrə yaxın əsas və kəsişən bir neçə küçədə aparılan tikinti işləri yekunlaşmaq üzrədir.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, buraya Xəqani Rüstəmov küçəsinin 520 metrlik hissəsi, 1-ci Yaşıl ada küçəsinin 420 metrlik hissəsi, 2-ci Yaşıl ada küçəsinin 450 metrlik hissəsi və bu küçələrlə kəsişən və hər birinin uzunluğu 113 metr olan 4 kiçik küçə daxildir.
Adı çəkilən küçələrdə köhnə yararsız qrunt çıxarılaraq, karbonat materialı tökülərək kipləşdirilib və yeni yol yatağı inşa olunub. Həmçinin zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib.
Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Növbəti mərhələdə isə asfalt-beton örtüyünün döşənməsi işləri görülür.
Layihə çərçivəsində küçələrdə 20 min kvadratmetr piyada səkisi və yolayrıcı inşa olunub, hazırda üzərlərinə tamet daşları döşənir. Səki və yolayrıcının kənarlarına ümumilikdə 15 min poqonmetr qranit-mərmər səki daşı düzülüb. Bundan başqa, yolların kənarlarında (səkilərdə) 300-ə yaxın çinar və zeytun ağacı əkilib.
Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 500 ədəd yolişıqlandırma dirəkləri quraşdırılır. Bundan əlavə, şəhərsalma prinsiplərinə uyğun olaraq yolların kənarlarında (səkilərdə) fiziki qüsurlu vətəndaşların rahat hərəkəti üçün səsli işıqforlar, səkiyə qalxıb-enmək üçün enişli-yoxuşlu ramplar qoyulacaq, həmçinin avtomaşınların rahat parklanması üçün xüsusi parking yerləri də nəzərdə tutulub.
Xəqani Rüstəmov küçəsi İlə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində isə işlər tamamlanmaq üzrədir. Burada 220 metr uzunluğunda qalereyanın tikintisi yekunlaşıb, hazırda mərmər-qranitdən istifadə edilməklə tavanın üzlənməsi işləri aparılır.
Həmçinin qeyd olunub ki, “Xəqani Rüstəmov küçəsi və "Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla ümumi uzunluğu 22,3 kilometr, eni isə 16 metrdən 47 metrə kimi dəyişən 63 çoxsaylı kəsişən yollar yerləşir. Sözügedən yollar hər birinin eni 3,5 metr olmaqla 2, 4 və 6 hərəkət zolağından ibarətdir.
Bundan başqa, layihə çərçivəsində Xəqani Rüstəmov küçəsinin Nobel prospekti və Süleyman Vəzirov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub.