İQTİSADİYYAT
"Ali təhsil, biznes inkubatorları və iş diaqnostikası" adlı bilik sərgisi açılıb
Bakı, 12 iyun, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankının birgə təşkilatçılığı ilə ikinci bilik sərgisi açılıb.
İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Ali təhsil, biznes inkubatorları və iş diaqnostikası" adlı sərgidə Dünya Bankının bu sahədə apardığı təhlil və qiymətləndirmələrin nəticələrindən danışılıb. Bildirilib ki, bilik sərgisinin keçirilməsində məqsəd aparılan son analitik fəaliyyətlərin təqdim olunması və Azərbaycan iqtisadiyyatının seçilmiş sektorlarında diaqnostik tədqiqatlar və qiymətləndirmələrin nəticələrinin əsas maraqlı tərəflərlə müzakirə olunmasıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin icrası ölkədə iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prosesini sürətləndirib. Vüsal Qasımlı vurğulayıb ki, ölkədə həyata keçirilən islahatların prioritet istiqaməti rəqabətədavamlı milli innovasiya sisteminin yaradılmasıdır. Məhz bu innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı və tətbiq edilməsi ilə yanaşı, elm və təhsilin, elmtutumlu cəmiyyətin davamlı inkişafının bərqərar edilməsinə yönəlib. Bütün bunlarla yanaşı, biznes inkubatorlarının yaradılması və inkişaf etdirilməsi, innovasiyayönümlü startap layihələrinin dəstəklənməsi və ümumilikdə innovativ sahibkar düşüncə tərzinin formalaşdırılması sahəsində böyük işlər görülüb.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi əlavə edib ki, bilik sərgisi çərçivəsində aparılan səmərəli müzakirələr Azərbaycanın üzləşdiyi əsas inkişaf çağırışları və bu çağırışların həlli yolları ilə bağlı geniş anlayışın formalaşdırılması və bununla bağlı ümumi razılığın əldə olunmasına yardım edəcək.
Sonra İİTKM və Dünya Bankının nümayəndələri "İnnovasiyalarda ali təhsil müəssisələrinin rolu", "Azərbaycan iş diaqnostikası – mərhələlərin yaradılması", "Azərbaycanda iş yerlərinin inkişafı üçün siyasi islahatlar" mövzularında təqdimatlar dinlənilib.
Müzakirələrə dövlət, özəl və akademik ictimaiyyətin nümayəndələri qatılıb.
Qeyd edək ki, İİTKM Dünya Bankı ilə birlikdə "Kənd Yerlərinin İnkişafı və Kənd Təsərrüfatı" mövzusunda daha bir bilik sərgisi keçirəcək. Buna qədər keçirilən bilik sərgisi "İqtisadi imkanların yaradılması üçün nəqliyyat və logistikadan istifadə" adlanırdı.