REGİONLAR
"Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" sosial aksiyası Novxanıda
Bakı, 17 may, AZƏRTAC
Daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin əhaliyə çatdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi səyyar kampaniyaları davam etdirir.
Komitədən AZƏRTAC-a bildirilib ki, xidməti vətəndaşa daha yaxın edən "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" sosial aksiyası ilə bütün qeydiyyat xidmətləri regional ofislərə getmədən göstərilir. Bununla da vətəndaşlar ünvanlarında sürətli və rahat şəkildə göstərilən mobil xidmətlərdən yararlanırlar.
Növbəti sosial aksiya Abşeron rayonunun Novxanı qəsəbəsində keçiriləcək. Səyyar qeydiyyat avtobusu mayın 20-dən 24-dək Abşeron rayonu, Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsi, 8 ünvanında (Poliklinika binasının qarşısında) olacaq. Xidmətlərdən yararlanmaq istəyən şəxslər saat 09:00-dan 17:00-dək mobil ofisə yaxınlaşa bilərlər.
Eyni anda daha çox sakinin xidmətlərdən istifadəsini təmin edən sosial aksiya ilə fərdi yaşayış evləri, torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə yanaşı, plan-sxemin, texniki pasportların tərtibi xidmətləri də göstərilir. Eyni zamanda, səyyar ofisə yaxınlaşan sakinlərə elektron çıxarışlar barədə məlumat verilir, suallar cavablandırılır.
Daşınmaz əmlakın qeydiyyatı prosesini sürətləndirən belə kampaniyalar ölkə üzrə müxtəlif kənd və qəsəbələrdə keçirilir. Bununla hər bir vətəndaşın mülkiyyət hüququnu daha rahat həyata keçirməsi təmin edilir.