MƏDƏNİYYƏT


"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Bakı, 15 mart, AZƏRTAC

Bakı şəhər 3 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda dahi mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə şairin yaradıcılığına həsr olunmuş “Mən bəşəriyyətə gərəyəm!” adlı tədbir keçirilib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Xalq artisti, kinorejissor Əbdül Mahmudov, "Nəsimi" filmində Fatimə rolunu canlandıran Əməkdar artist Xalidə Quliyeva, Nəsimişünas Fərəc Əliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nazim Fətullayev, uşaq musiqi və incəsənət məktəbinin direktorları və digər qonaqlar iştirak ediblər.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə məktəbin xoreoqrafiya sinfinin şagirdlərinin ifasında kompozisiya və “Nəsimi” filmindən epizodlar nümayiş olunub. Sonra məktəbin fortepiano şöbəsinin müəllimi Rəşidə İsgəndərova Nəsiminin bir neçə qəzəlini söyləyib. Məktəbin “Şəms” xalq çalğı alətləri ansamblının müşayiəti ilə xanəndə sinfinin şagirdləri Bahar Rəhimova şairin “Neylərəm” qəzəlinə yazılmış mahnısını, Gülyaz Həsənzadə isə filmdə səslənən məşhur "Yox-yox" mahnısını ifa edib. Xanəndə sinfinin şagirdləri "Nəsimi" filmindən Dərvişlər obrazını canlandıraraq tədbirə xüsusi rəng qatıblar.

Çıxış edənlər Nəsiminin böyük şəxsiyyət, dahi mütəfəkkir olduğunu vurğulayaraq, "Nəsimi" filminin çəkilişi zamanı yaşanan xoş xatirələrindən, yaddaqalan səhnələrdən danışıblar.

Tədbirin sonunda məktəbin rəsm sinfinin şagirdləri İmadəddin Nəsimiyə həsr edilmiş əl işlərindən ibarət sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.