MƏDƏNİYYƏT


"Atəşgah" məbədi haqqında virtual fotosərgi hazırlanıb

Bakı, 10 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycanın gəzməli-görməli yerləri haqqında virtual fotosərgilər hazırlayır.

İdarədən AZƏRTAC-a bildirilib ki, növbəti belə fotosərgi "Atəşgah" məbədinə həsr olunub.

Xatırladaq ki, tarixi mənbələrin yazdığına görə, "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş müqəddəs ziyarətgah olub. Məbədin inşası ilə bağlı ən erkən tarix təqribən eramızın 1713-cü ilinə aid edilir. Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə hind tacir Kançanaqaranın vəsaiti ilə tikilib.

“Atəşgah” dənizdən azacıq aralı, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında yerləşir. Beşbucaq forması təşkil edən abidə 24 hücrədən, 1 otaqdan ibarətdir. Məbədin əsas binası həyətin ortasında yerləşən səcdəgahdır. Məbədin içərisində və damında od püskürməsi üçün çıxıntılar quraşdırılıb. Hücrənin damında tüstünün çıxması üçün deşiklər açılıb. Məbədin divarlarında çoxlu kitabələr var. Kitabələrdən biri fars, qalanları Hind dilində yazılıb. Xronoloji çərçivələri 1713-1827-ci illəri əhatə edir.

Sahəsi 1368 kvadratmetr olan "Atəşgah" 1972-ci ildən muzey kimi fəaliyyət göstərsə də, 1975-ci ildə bərpa edildikdən sonra, Dövlət Tarix-Memarlıq Muzey-Qoruğunun filialına çevrilib.

Əvvəllər olduğu kimi, buraya yenə də hər il yüzlərlə turist gəlir. Hazırda "Atəşgah" məbədi "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinin filialı kimi fəaliyyət göstərir, lakin onun unikallığı UNESCO-nun Dünya İrsinin ilkin siyahısına daxil edilməsi "Atəşgah” məbədi abidəsinin müstəqil fəaliyyəti və mühafizəsinə zərurət yaradıb.

Dövlətin səyi nəticəsində "Atəşgah" məbədinə 30 sentyabr 1998-ci ildə mədəni irs nümunəsi kimi "gücləndirilmiş mühafizə" statusu verilib və UNESCO -nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.