İQTİSADİYYAT
"Atrabank"a və "Qafqaz İnkişaf Bankı"na borclu fiziki və hüquqi şəxslərə qarşı tədbirlər görüləcək
Bakı, 25 avqust, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə müraciət edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/3 saylı qərarı ilə "Atrabank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilib və Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust 2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən saxlayıb. Eyni zamanda, "Atrabank" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılıb, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Atrabank" ASC-yə ləğvedici təyin olunub.
Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 saylı qərarı ilə "Qafqaz İnkişaf Bankı" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilib və Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust 2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən saxlayıb və "Qafqaz İnkişaf Bankı" ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılıb. Eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı" ASC-yə ləğvedici təyin olunub.
Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirilir ki, Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 72-ci maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa, bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da, bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır.
Ləğv prosesində olan "Atrabank" ASC-yə və "Qafqaz İnkişaf Bankı" ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar: Bakı şəhəri, Bül-Bül prospekti 40, 4-cü mərtəbə Əlaqə nömrələri:
(994 12) 596 65 91/92/93 Qaynar xətt: 941.