İDMAN
"Avro-2016": Fransa çempionata qələbə ilə başlayıb VİDEO
Paris, 10 iyun, AZƏRTAC
İyunun 10-da futbol üzrə XV Avropa çempionatının final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, Parisdəki “Stad de Frans” stadionunda Fransa və Rumıniya yığmaları qarşılaşıb. Gərgin keçən oyunda Fransa millisi 2:1 hesabı ilə qalib gəlib.
Səksən min yerlik arenada açılış oyununu macarıstanlı Viktor Kassai idarə edib. Ona həmyerliləri Giorgi Rinq, Vensel Tot, Tamas Boqnar və Adam Farkas kömək ediblər.
Sürətli hücumlarla başlayan oyunda ilk təhlükəli vəziyyəti rumıniyalılar yaradıblar. Künc zərbəsindən sonra Stankunun yaxın məsafədən zərbəsini fransızların qapıçısı Lloris çətinliklə dəf etdi.
Matçın 9-cu dəqiqəsində fransızların sol cinahdan başladığı hücumda milli komandada 50-ci oyununa çıxan Jirunun baş zərbəsi hədəfdən bir qədər aralı keçdi. Oyunun 14-cü dəqiqəsində isə ev sahiblərinin gözəl kombinasiyasından sonra zərbə endirən Qrizmanın fərqlənməsinə qapı dirəyi mane oldu. Çempionatda ilk sarı vərəqə görüşün 32-ci dəqiqəsində kobud oyuna görə rumıniyalı Çiriçeşə göstərildi. Qarşılaşmanın 36-cı dəqiqəsində Payetin sağ cinahdan ötürməsindən sonra Qrizman topa qüvvətli zərbə endirsə də, top qapı dirəyindən bir qədər aralı keçdi. Matçın 45-ci dəqiqəsində isə Rumıniyanın heyətində Rat sarı vərəqə ilə cəzalandırıldı. Bir dəqiqə sonra - ilk hissənin əsas vaxtına əlavə edilən dəqiqədə künc zərbəsindən ötürmədən sonra Jiru topa başla güclü zərbə endirsə də, top qapının üstündən keçdi.
Beləliklə, görüşün ilk hissəsində hesab açılmadı.
Oyunun ikinci hissəsində də ilk təhlükəli vəziyyəti 48-ci dəqiqədə Rumıniya yığması yaratdı. Fransızların müdafiə xəttinin arxasına göndərilən topu sinəsi ilə saxlayıb qapıya vuran Stankunun zərbəsi dəqiq olmadı. Matçın 52-ci dəqiqəsində isə rumıniyalıların cərimə meydançasına ötürmədən sonra Jirunun zərbəsini qapıçı Tataruşanu dəf etdi. 56-cı dəqiqədə Payetin ötürməsindən sonra Poqbanın qüvvətli zərbəsini qapıçı qaytara bildi. Bir dəqiqə sonra fransızların künc zərbəsi ilə başlatdıqları hücumda XV Avropa çempionatının ilk qolu vuruldu. Oyunda fəallığı ilə seçilən Payetin növbəti ötürməsini Jiru başla qapıya göndərdi - 1:0.
Oyunun 65-ci dəqiqəsində hesab bərabərləşdi. Rumıniyalı Stançiuya qarşı kobud oyuna görə macarıstanlı hakim fransızların qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Stanku zərbəni dəqiq yerinə yetirərək oyunda tarazlığı bərpa etdi - 1:1.
Matçın 68-ci dəqiqəsində Jiru kobud oyuna görə sarı vərəqə ilə cəzalandırıldı. Oyunun sonuna doğru təşəbbüsü tam ələ alan meydan sahibləri sona yaxın - 89-cu dəqiqədə istəklərinə çatıblar. Qarşılaşmanın qəhrəmanı Payet cərimə meydançasından kənarda topu düz doqquzluğa göndərərək gözəl qola imza atdı. Bu qol Fransa millisinin çempionata qələbə ilə başlamasını təmin etdi.
Beləliklə, XV Avropa çempionatının ilk oyununda Fransa yığması Rumıniyanı 2:1 hesabı ilə məğlub etdi.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris