İDMAN


"Avro 2020"nin Könüllülər Proqramının 12 universitetdə təqdimatı olacaq

Bakı, 15 oktyabr, AZƏRTAC

Futbol üzrə "Avro 2020"nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsi qarşılaşması ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək ümumilikdə 12 universitetdə tələbələr, tələbə gənclər təşkilatları və müəllim heyəti üçün Könüllülər Proqramının təqdimatını keçirəcək.

AZƏRTAC xəbər verir ki, ilk tədbirə oktyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində xüsusi təqdimatla start veriləcək.

Görüşdə Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də "Avro 2020" ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunacaq.

Tədbirdə təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA, "Avro 2020" Təşkilat Komitəsinin nümayəndəsi, futbol üzrə Azərbaycan milli komandasının oyunçusu, eyni zamanda, “Könüllülər Proqramı”nın səfiri Taleh Yüzbəyov iştirak edəcək. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışacaq, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşəcəklər.

Qeyd edək ki, Könüllülər Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində tələbələr üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Noyabrın 15-dək davam edəcək universitet kampaniyası Bakı Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Kooperasiya Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Universiteti kimi təhsil ocaqlarını əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.