CƏMİYYƏT
"Avropa İİV-ə testləşmə həftəsi" çərçivəsində ölkəmizdə İİV-lə bağlı müayinələr aparılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Respublika QİÇS-lə Mübarizə Mərkəzi "Avropa İİV-ə testləşmə həftəsi" kampaniyası çərçivəsində maarifləndiriçi tədbirləri davam etdirir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində “Park bulvar”, “Metropark” ticarət mərkəzlərində, eləcə də Bakı Texniki Kolleci, Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası və Şəki Tibb Kollecində İİV-lə bağlı müayinələr keçirilib.
Aksiyalar zamanı mərkəzin mütəxəssisləri İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə iştirakçılara ətraflı məlumat veriblər. Tədbirlərdə könüllü olaraq 4 mindən artıq insan İİV-lə bağlı test müayinəsindən keçiblər. Bununla yanaşı, "Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində ölkənin bir necə şəhər və qəsəbəsinin sakinləri arasında İİV-lə bağlı müayinələr aparılıb, broşür və bukletlər paylanılıb. Aksiyalar zamanı vətəndaşlara pulsuz və anonim qaydada ekspress-testdən keçmək və 15 dəqiqə ərzində öz İİV statusunu müəyyən etmək imkanı yaradılıb.
Xatırladaq ki, “Avropa İİV-ə testləşmə həftəsi” kampaniyasında bu il Avropanın 54 ölkəsindən 800-dən çox dövlət və ictimai təşkilat iştirak edib.