İQTİSADİYYAT
"AzerGold": Azərbaycanda Yerin təkində olan metalların ümumi dəyəri 150 milyard manatdan artıqdır
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan zəngin ölkədir və ölkəmizdə Yerin təkində olan metalların ümumi dəyəri ilkin hesablamalara əsasən 150 milyard manatdan artıq təşkil edir. Biz inanırıq ki, dövlətimizin başçısının rəhbərliyi ilə bu sərvətlərdən səmərəli istifadə insan kapitalının daha da inkişaf etdirilməsi, milli iqtisadiyyatın güclənməsi və xalqın rifahının yaxşılaşmasına xidmət edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Z.İbrahimov qeyd edib ki, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır. Hesabatın cari ilin sonuna hazır olması və növbəti addım kimi metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması, sosial və ətraf mühitə təsirin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması təşkil ediləcək. Filizçay yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə üç milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması gözlənilir. Bundan başqa, Balakən rayonu ərazisində yerləşən Mazımçay yatağında ehtiyatların təsdiqi məqsədilə buruq-qazma işləri aparılır.
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində ən müasir avadanlıqların cəlb edilməsi ilə kompleks geofiziki tədqiqatlar nəticəsində mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər qeydə alınıb. Buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması işlərinə başlanılıb.
Ölkə ərazisində yeni yataqların müəyyən edilməsi məqsədilə kəşfiyyat işləri aparılır. Belə ki, bu işlərin nəticəsində Göygöl inzibati rayonunda yerləşən Ağyoxuş perspektivli qızıl filizi sahəsi müəyyən edilib, aparılmış geofiziki işlər müsbət nəticə verib və 2018-ci ilin sonunadək buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması planlaşdırılıb. Eyni zamanda, Tülallar perspektivli qızıl filizi yatağının mövcud ehtiyatlarının təsdiq edilməsi və növbəti addım olaraq tədqiqat işlərinin başlanması məqsədilə yataq üzrə ilkin fəaliyyət planı tərtib edilib.
Nəzərdə tutulan işlərin davamlılığını və vaxtında həyata keçirilməsini təmin etmək üçün maliyyələşmə mənbələri, o cümlədən potensial investorlar və strateji partnyorlarla əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.