İQTİSADİYYAT
"AzerGold" yazı müsabiqəsində fərqlənən tələbələri mükafatlandırıb
Bakı, 5 oktyabr, AZƏRTAC
"AzerGold" QSC yazı müsabiqəsində fərqlənən tələbələri mükafatlandırıb.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "AzerGold"un inzibati binasında "Mənim təcrübə hekayəm" adlı yazı müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirilib. Cəmiyyətin mərkəzi ofisində və Çovdar filiz emalı sahəsində istehsalat təcrübəsi keçən tələbələr arasında keçirilən sayca ikinci yazı müsabiqəsində ADA Universitetini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) təmsil edən tələbələr iştirak edərək, öz yazılarında istehsalat təcrübəsi haqqında təəssüratları və topladıqları biliklərdən ətraflı söz açıblar.
Yazıların bədii və ədəbi keyfiyyəti, informasiya dolğunluğu və digər meyarlar əsasında qiymətləndirilməsi nəticəsində birinci yeri ADNSU-nun geologiya fakültəsində təhsil alan İsmayıl İsmayılov, ikinci yeri ADA Universitetinin iqtisadiyyat fakültəsində təhsil alan Saleh Salehov, üçüncü yeri isə ADA Universitetinin biznesin idarəolunması fakültəsində təhsil alan Kəmalə Əfəndiyevə tutub. Müsabiqənin qalibləri pul mükafatları və müvafiq sertifikatlarla təltif olunublar.
Tədbirdə iştirak edən tələbələr keçdikləri təcrübənin onların karyerasında böyük rol oynayacağını qeyd edərək yaradılan bu imkana görə "AzerGold" QSC-yə öz minnətdarlığını bildiriblər. Öz növbəsində "AzerGold" QSC-nin mütəxəssisləri tələbələrin peşə biliklərini və təcrübə zamanı davranışını yüksək qiymətləndirərək onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzu ediblər.
Qeyd edək ki, "AzerGold" QSC əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsinə böyük önəm verir. Bu məqsədlə həyata keçirilən tədbirlər çərçivəsində cəmiyyət Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və ADA Universiteti ilə geniş əməkdaşlıq edir. Qurulan əməkdaşlıq çərçivəsində artıq 60 tələbə "AzerGold" QSC-də istehsalat təcrübəsi keçib.