CƏMİYYƏT
"Azəravtoyol" ASC-də ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də “Azəravtoyol” ASC-də ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin cəmiyyətin inzibati binasındakı büstü önünə gül dəstələri qoyublar.
Tədbirdə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verib.
Bildirilib ki, tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Ümummilli lider Heydər Əliyev Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.
Daha sonra cəmiyyətin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.