İQTİSADİYYAT
"Azerbaijan Coca-Cola Bottlers": Ərəb ölkələrindən birinə ixracatın təşkili məsələsi müzakirə edilir
Bakı, 29 aprel, AZƏRTAC
Bu gün ölkə iqtisadiyyatında sahibkarların rolunun artırılmasına xüsusi diqqət yetirilir. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkarlara dəstək verməsi iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına töhfə verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi sahibkarların, iş adamlarının fəaliyyətinə öz müsbət təsirini göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda ən böyük xarici investorlarından biri olan "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev deyib.
""Azerbaijan Coca-Cola Bottlers" şirkəti müəyyən bir dövr üçün bazarda qeyri-neft ixracatçısı rolunda da çıxış edib. Şirkət Azərbaycanda 10 ticarət nişanı adı altında 80 növ müxtəlif içkilər istehsal edir. Şirkətin Azərbaycanda istehsal edilən müxtəlif çeşidlərdə məhsulları fərqli zaman kəsimlərində Gürcüstana, Qazaxıstana və Türkmənistana ixrac edilib. Hazırda ərəb ölkələrindən birinə ixracatın təşkili məsələsi müzakirə edilir", - deyə E.Fərzəliyev qeyd edib.
Ölkədə son zamanlar iqtisadiyyatın möhkəmləndirilməsi üçün aktiv şəkildə islahatların aparıldığını deyən E.Fərzəliyev bildirib ki, biz aparılan bu islahatlara müsbət yanaşır, ölkənin və onun iqtisadiyyatının inkişafına inanır və düşünürük ki, öz tərəfimizdən biz də qeyri-neft sektorunun inkişafına öz töhfəmizi veririk. Əgər "Coca-Cola" şirkəti ölkədə uğurla biznes fəaliyyəti ilə məşğuldursa, bu, özlüyündə ölkənin investisiya cəlbediciliyinin əhəmiyyətli göstəricisidir.