Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, kənd təsərrüfatında kooperasiyanın formalaşmasına və inkişafına dövlət dəstəyi məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

2.1. nazirliyin aparatında müəyyən olunmuş işçilərin say həddi daxilində kənd təsərrüfatı kooperasiyasının inkişafı məsələləri ilə məşğul olan struktur bölmənin yaradılmasını təmin etsin;

2.2. kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti sahəsində uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsini nəzərə almaqla sistemli və kompleks tədbirlər həyata keçirsin;

2.3. kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının nümunəvi nizamnamələrinin hazırlanmasını təmin etsin;

2.4. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;

2.5. Dövlət Proqramının icrasının gedişi barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Dövlət Proqramının icrasına ümumi nəzarəti həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin