İQTİSADİYYAT


"Azərbaycanda biznes mühiti 2018" hesabatında "Azexport" və "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib

Bakı, 7 iyun, AZƏRTAC

Avropa İttifaqının Azərbaycanla bağlı hazırladığı "Azərbaycanda biznes mühiti 2018" adlı hesabatında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalı və "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib.

Hesabatda qeyd edilib ki, "Azexport" portalı və "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin fəaliyyəti ixracın şaxələndirilməsi sahəsində institusional islahatların nümunəsidir. Prezident İlham Əliyevin fərmanları əsasında yaradılan bu qurumlar sahibkarlar üçün hərtərəfli imkanlar yaradaraq onların ixrac fəaliyyətlərinə dəstək göstərir.

Avropa İttifaqının "Azərbaycanda biznes mühiti 2018" adlı hesabatını şərh edən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə AZƏRTAC-a bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatların istiqamətinə uyğun olaraq, sahibkarların xarici ticarət əməliyyatlarını daha da sürətli həyata keçməsinə bundan sonra da dəstək göstəriləcək. "Hesabatda Azərbaycanda sahibkarlıq mühiti üzrə fəaliyyət yüksək qiymətləndirilib. Xüsusilə, Azərbaycanda ixrac siyasətinin həyata keçirilməsində institusional orqan kimi "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin vurğulanması Mərkəzin işinə verilən qiymətdir. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin əsas prinsipləri şəffaflıq, hesabatlılıq və sahibkara qayğıdır. Ötən dövr ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi 400-ə yaxın dövlət və qeyri-dövlət şirkətlərinə dəstək göstərərək ixrac prosesini sürətləndirib. "Azexport", "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və vahid onlayn ixrac ərizəsindən istifadə edən ixracatçıların məmnuniyyəti yüksək səviyyədədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ixracata dəstək verən ekosistem tam formalaşdırılıb və uğurla fəaliyyət göstərir", - deyə menecer diqqətə çatdırıb.

Qeyd edək ki, hesabat Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətlərinin ölkədəki biznes mühiti barədə sorğusu əsasında hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.