SİYASƏT


"Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib YENİLƏNİB VİDEO

Bakı, 11 sentyabr, AZƏRTAC 

Sentyabrın 11-də Bakıda Ana Vətən Partiyasının təşəbbüsü ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media təmsilçiləri və siyasi ekspertlər iştirak ediblər.

Tədbiri açan Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib ki, müəyyən səbəb və vasitələrlə Azərbaycandan xaricə gedən, anarxist mövqe nümayiş etdirən, özlərini “mühacir müxalifət” adlandıran səbatsız, zəif iradəli insanlar dövlətimizə qarşı çıxmaqla insanlarda ümidsizlik mühiti yaratmağa çalışırlar. Onlar əslində Ermənistanın dövlət maraqlarına xidmət edirlər. Biz öz iradəmizi ortalığa qoymalı, Azərbaycan dövlətçiliyinin yanında olmalıyıq.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov çıxışında bildirib ki, təcrübədə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq halları olub. Bu hallara müəyyən siyasi proseslər və seçkilər zamanı daha çox rast gəlinir. Hər hansı ölkədə cərəyan edən siyasi proseslər ancaq həmin ölkənin vətəndaşlarının iradəsi ilə reallaşdırıla bilər. Bütün ölkələrdə bu normalar mövcuddur.

Əli Əhmədov vurğulayıb ki, istənilən siyasi partiya ölkənin maraqlarını üstün tutmalıdır. Xaricdə mühacir statusu alan bəzi şəxslər Azərbaycanda siyasi proseslərdə yaxından iştirak etməyə cəhd göstərirlər. Həmin şəxslər asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilər. Ona görə də onların siyasi proseslərə müdaxiləsi təhlükəlidir. Onların əsas işi Azərbaycan dövlətini, Prezidentini nüfuzdan salmaqdır. Çünki Azərbaycan güclənib, qüdrətlənib.

YAP sədrinin müavini-icra katibi deyib ki, sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir. Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hansısa xarici qüvvənin yox.

Sonra Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, "Azəri Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Real televiziyasının rəhbəri Mirşahin Ağayev, “Teleqraf holdinq”in rəhbəri Aynur Camalqızı və digər siyasi partiyaların, QHT-lərin rəhbərləri, ekspertlər, media təmsilçiləri mövzu ilə bağlı fikirlərini bildiriblər.

Diskussiya şəraitində keçən müzakirələrdən sonra birgə bəyanat qəbul edilib.

Bəyanatda deyilir: “Biz, “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda təşkil edilmiş dəyirmi masanın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlər bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə aşağıdakıları bəyan edirik:

- Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxili olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir;

- siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu quruculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir;

- ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır;

- vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda, davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır;

- respublikamızda siyasi proseslərə, beynəlxalq hüquqazidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.