İQTİSADİYYAT
"Azərkosmos" ASC-də Silikon Vadisinin eksperti seminar keçirib
Bakı, 28 iyun, AZƏRTAC
“Azərkosmos” ASC-də “Social Innovation Lab” innovasiya mərkəzinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan ABŞ-ın Silikon Vadisinin eksperti Rik Rasmussenin “biznes-dövlət” (B2G - business to government) mövzusuna dair seminarı keçirilib.
Səhmdar Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, seminarda Rik Rasmussen hökumət və biznes strukturları arasında qarşılıqlı əlaqələrin inkişaf istiqamətlərindən bəhs edib. Həmçinin R.Rasmussen Silikon Vadisində startaplar və inkişaf mərhələsində olan şirkətlərlə hökumət arasında qurulan əməkdaşlıqlara dair əldə etdiyi təcrübəni bölüşüb və seminar iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Rik Rasmussen Kaliforniya Silikon Vadisinin və Berkli Universitetinin mütəxəssisidir. Dünyanın ən böyük biznes ideya müsabiqəsi olan “Climate Launchpad”ın beynəlxalq hakimlərindən biridir. “Sand Hill Angels” investisiya qrupunun aktiv üzvüdür.
“Social Innovation Lab” innovasiya mərkəzi olmaqla özündə inkubasiya və müxtəlif akselerasiya proqramlarını birləşdirir. Mərkəzin məzunu "Rainergy" layihəsi ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova Azərbaycan tarixində ilk dəfə olaraq “Forbes under 30” jurnalının siyahısına düşüb.