İQTİSADİYYAT
"Azexport" "Bakutel-2017" sərgisində təmsil olunur
Bakı, 6 dekabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport" portalı "Bakutel-2017" XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində təmsil olunur.
İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, "Bakutel-2017" sərgisində gənc perspektivli startapların təqdimatına böyük diqqət yetirilir. "Azexport.az" portalının sərgidə yaradılan Səyyar Xidmət Mərkəzi vasitəsilə gənc dizaynerlər öz ixtira, proqram və xidmətlərini dünyanın aparıcı elektron ticarət platformalarında nümayiş etdirirlər. Bunun üçün sadəcə portalın Səyyar Xidmət Mərkəzində qeydiyyatdan keçmək kifayətdir.
Bu il sərgidə dünyanın 20 ölkəsini təmsil edən 200-ə yaxın şirkət iştirakı edir. İştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil və rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribüterləri, eləcə də teleradio yayım şirkətləri yer alır. "Bakutel-2017" sərgisində bir sıra ölkələrin milli stendləri də təqdim olunur. Xarici ölkələrin bu tədbirdə iştirakı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə reallaşdırılır.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.